
Müdafiə Sənayesi Nazirliyi (MSN) və Elm və Təhsil Nazirliyinin (ETN) birgə əməkdaşlığı ilə həyata keçirilən “İxtisaslaşmış Akademik Tədris Proqramı” çərçivəsində Milli Aviasiya Akademiyası, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Neft və Sənaye Universiteti kimi aparıcı ali təhsil müəssisələrində infosessiyalar keçirilib.
MSN-in Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, infosessiyalar tələbələri proqramın strukturu, seçim mexanizmi, qeydiyyat mərhələləri, strateji üstünlükləri və 2026–2027-ci tədris ili üzrə qəbul qaydaları barədə ətraflı məlumatlandırmaq məqsədilə təşkil edilib.
İnfosessiyalar zamanı qeyd edilib ki, “İxtisaslaşmış Akademik Tədris Proqramı” tələbələrin sənaye mühiti ilə sistemli şəkildə tanış olmaları, real istehsal proseslərinin məntiqini anlamalarına imkan yaradır. Proqramın əsas istiqamətləri innovativ düşüncə tərzinin formalaşdırılması, layihə əsaslı öyrənmənin genişləndirilməsi və tələbələrin müxtəlif texnoloji problemlərə həll yönümlü yanaşma vərdişlərinə yiyələnməsidir. İştirakçılar proqramı uğurla başa vurduqdan sonra sertifikat alacaq və müvafiq kadr bazasına daxil ediləcəklər.












