İyirmi ildə Azərbaycanda Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə çərçivəsində 86 inspeksiya keçirilib

Azərbaycan Silahlı Qüvvələrində 2011-ci ilin sonunadək Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (AASQM) çərçivəsində müxtəlif üzv dövlətlər tərəfindən 86 dəfə inspeksiya keçirilib. Bu barədə “AzeriDefence” Azərbaycan Müdafiə Nazirliyinin rəsmi internet saytına istinadən məlumat verib.

Vyana Sənədi çərçivəsində isə Azərbaycan bu sənədə qoşulduğu gündən 2011-ci ilin sonunadək Silahlı Qüvvələrdə iştirakçı dövlətlər tərəfindən 63 dəfə “Göstərilmiş rayonun” inspeksiyası və 20 dəfə Qiymətləndirmə səfəri keçirilib.

Azərbaycanın AASQM-a qoşulması barədə müqaviləni Milli Məclis 31 may 1992-ci ildə ratifikasiya edib. Müqavilə adi silahların beş növü üzrə məhdudiyyət təyin edir. Müqavilənin tələblərinə əsasən hər bir dövlət adi silahların 5 növü üzrə ümumi sayın müəyyən edilmiş miqdara çatdırılması öhdəliklərini öz üzərinə götürüb. Müqaviləyə əsasən döyüş tankları, zirehli döyüş maşınları, çapı 100 mm-dən yuxarı olan artilleriya qurğuları, döyüş təyyarələri, zərbə helikopterləri məhdudlaşdırılır.

Vyana Sənədi isə 12 fəsildən ibarətdir və onun müddəalarına əsasən hər bir üzv dövlət digər bir üzv dövlətin ərazisində hər hansı bir elan olunması tələb olunan hərbi fəaliyyətin olub-olmadığını yoxlamaq məqsədilə “Göstərilmiş rayon”un inspeksiyasını keçirə bilər. Hər bir üzv dövlət ildə 3 inspeksiya qəbul edə bilər. Azərbaycan hər il bu növ 3 inspeksiya qəbul edir. İnspeksiyanın keçirilməsi haqda hesabat inspeksiyadan sonra 14 gündən gec olmayaraq ATƏT çərçivəsində ATƏT-in rabitə şəbəkəsi vasitəsilə bütün üzv dövlətlər arasında yayılır.

Bundan əlavə Vyana Sənədi çərçivəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrində ildə bir dəfə Qiymətləndirmə səfəri keçirilir. Səfərin məqsədi illik informasiya mübadiləsində elan edilən hər hansı bir hərbi hissənin yerində yoxlanılmasıdır. Qiymətləndirmə qrupu hərbi hissənin şəxsi heyəti, əsas silah və texnika növləri ilə tanış olurlar. Qiymətləndirmənin nəticələri üzrə hesabat səfərdən sonra 14 gündən gec olmayaraq ATƏT çərçivəsində ATƏT-in rabitə şəbəkəsi vasitəsilə bütün iştirakçı-dövlətlər arasında yayılır.

CATEGORIES