
JF-17 “Block 3” Rusiya, Hindistan və Fransa təyyarələrindən daha üstün hesab olunur
Pakistanın JF-17 “Block 3” təyyarəsinin eyni vaxtda 15 hava hədəfini izləmə və eyni anda 4 hədəfi tutma imkanları onu Rusiyanın Su-30MKI, Su-35S, MiG-35, Hindistanın “Tejas Mk.2” və Fransanın “Rafale” təyyarələrindən daha üstün edir.
“Poliqon”un məlumatına görə, Pakistan Hərbi Hava Qüvvələrində (HHQ) JF-17 “Thunder” olaraq işarələnən, Çin-Pakistan aviamühəndislərinin birgə inkişaf layihəsi olan “Chengdu FC-1 Xiaolong” qırıcı-bombardumançı təyinatlı təyyarədir.
FC-1 təyyarəsi Pakistan Hökumətinin maliyyə dəstəyi ilə Çinin CAC (Chengdu Aircraft Corporation) şirkəti tərəfindən 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Çində istehsal olunan sovet MiQ-21 təyyarəsinin bazasında yaradılıb. FC-1 Rusiyanın “Klimov” ASC tərəfindən istehsal edilən RD-93 mühərrikləri ilə təchiz edilib.
2015-ci ildə Çin tərəfi Pakistan istehsalı olan JF-17 təyyarələrində Rusiya mühərriklərini öz istehsalı olan analoqlarla əvəz etməyi təklif edib. Lakin Pakistan, dəyişdirilmənin yüksək qiymətə başa gələcəyinə və mövcud mühərriklərə qarşı iradların olmamasına əsaslanaraq bu təklifi rədd edib.
Təyyarə ilk iki səkkiz dəqiqəlik uçuşunu 25 avqust 2003-cü ildə yerinə yetirib. 3 sentyabr 2003-cü ildə ilk rəsmi uçuşu həyata keçirib və həmin tarixdən ona “Joint Fighter-17” adı verilib. 12 mart 2007-ci il tarixindən etibarən istismara daxil edilib, Çində 2007-ci ildən (CAC – Chengdu Aircraft Corporation şirkəti), Pakistanda isə 2008-ci ildən (PAC – Pakistan Aeronautical Complex şirkəti) bəri istehsal edilir.
Təyyarə Pakistan HHQ ilə yanaşı, Myanma və Nigeriya HHQ-də də istismar olunur.
İndiyədək üç modifikasiyası mövcuddur: FC-1 və ya JF-17 “Block 1” (Block I); FC-1 və ya JF-17 “Block 2” (Block II); FC-1 və ya JF-17 “Block 3” (Block III).
JF-17 “Block 3” modifikasiyası təyyarənin hələlik sonuncu 2019-cu il nümunəsidir. Təyyarədə KLJ-7A aktiv fazalaşdırılmış anten şəbəkəsi (APAA – active phased array antenna) və geniş bucaqlı holoqrafik displey quraşdırılıb.
JF-17 “Block 3” təyyarəsinin seriyalı istehsalına 2020-ci ildə başlanıb. Bu versiya, digər üstünlüklərlə yanaşı, havada yanacaq doldurma sisteminə və mükəmməl radara malikdir. Xüsusilə, “Blok 3” modifikasiyasında təyyarəyə yer fonu da daxil olmaqla uzaq məsafədən hədəfləri aşkar etməyə imkan verən “Active Electronically Scanned Array” radar sistemi nəzərdə tutulub. Radara əlavə olaraq, təyyarə kabinada bir neçə rəngli displey və dəbilqəyə quraşdırılmış nişangahla təchiz olunub ki, bu da təyyarənin idarə olunmasını və hava döyüşünü xeyli asanlaşdırır.
AESA radarı – KLJ-7A aktiv fazalaşdırılmış anten şəbəkəsi olmaqla “China Electronics Technology Group Corporation” (CETGC) tərəfindən istehsal edilir. İstühsalçı CETGC, KLJ-7A radarının ABŞ-ın beşinci nəsil F-35 döyüş təyyarələrində istifadə edilən radara bənzər xüsusiyyətlərə sahib olduğunu iddia edir. Xüsusilə, yeni radarın köməyi ilə JF-17 “Block 3” təyyarəsi 170 km məsafədəki hədəfləri aşkarlaya bilir və baza versiyaları APAA radarları ilə təchiz olunmamış F-16 C / D və F-15 C / D təyyarələri üzərində döyüş üstünlüyünə malikdir.
Təyyarə yüksək manevr qabiliyyətinə, yüksək dartqı gücünə malik müasir yeni nəsil mühərrikə sahibdir. Demək olar ki, 4 ton döyüş yükü daşıyır. O, yaxın və orta mənzilli “hava-hava” və “hava-yer” sinif raketləri, bombaları, gəmi əleyhinə və radar əleyhinə raketləri, asma yanacaq çənlərini daşıya bilir. Quraşdırılmış 23 mm-lik iki lüləli topa sahibdir.
Əsas texniki göstəriciləri
Texniki xassələri: heyəti – 1 pilot, uzunkuğu – 14970 mm, qanad açıqlığı (sonluqdakı raketlərlə birlikdə – 9460 mm, hündürlüyü – 4770 mm, qanadın sahəsi – 24,4 m², ön hissə üzrə oxvarilik bucağı – 42°, şassi bazası – 4937 mm, şassi izi – 254 mm, boş kütləsi – 6411 kq, normal uçuş kütləsi – 9072 kq, maksimal uçuş kütləsi – 12474 kq, daxili çənlərdəki yanacağın çəkisi – 2300 kq, güc qurğusu – 1 × RD-93 forsaj kameralı turboreaktiv mühərrik (və ya onun Çin analoqu WS-13), forsajsız dartqı gücü – 1 × 49,4 kN, forsajlı dartqı gücü – 1 × 84,4 kN.
Uçuş xassələri: maksimal icazə verilən sürəti – M=1,8; maksimal uçuş sürəti – 1910 km/saat (M=1,6), yerə yaxın 1296 km/saat; döyüş radiusu – 1350 km; uçuş məsafəsi – 2037 kç (üç ədəd asma yanacaq çəni ilə – 3000 km); praktiki tavanı – 15240 m; statik tavanı – 16700 m; qanada düşən yüklənmə – 373 kqq/m².
Silahlanması: atıcı-top silahı – 1 × 23-мм iki lüləli “Type 23-2” (QŞ-23L surəti); asqı nöqtələri – 7 (2 qanadların sonluqlarında, 4 qanadın altında və 1 fyüzelajın altında); döyüş yüklənməsi – 3630 kq-a qədər.
İdarə olunan aviasiya raketləri: “hava-hava” sinif – 4-ə qədər × PL-7, PL-10, R550 Magic 2, A-Darter, PL-5C, AIM-9L/P, MICA, Aspide; “hava-yer” sinif – 1 × AM-39 Exocet.
İdarə olunmayan aviasiya raketləri: 57 mm və ya 90 mm çaplı aviasiya raketləri.
Aviasiya bombaları: 4-ə qədər × Mk.82; 1 × Mk.84 və ya GBU-10 və ya GBU-12; Durandel, Mk.20 Rockeye.
Əhəd Əzizov