K239 “Chunmoo” YARS üçün gəmi əleyhinə ballistik raket təqdim olunub

K239 “Chunmoo” YARS üçün gəmi əleyhinə ballistik raket təqdim olunub

Cənubi Koreyanın “Hanwha Aerospace” şirkəti K239 “Chunmoo” yaylım atəşli reaktiv sistemi (YARS) üçün yeni raket nomenklaturasını təqdim edib.

“Poliqon” “Grand Fleet” nəşrinə istinadən xəbər verir ki, bu barədə keçirilən ADAS 2024 müdafiə sərgisi zamanı məlum olub.

Yeni ASBM (anti-ship ballistic missile) ballistik gəmi əleyhinə raket hazırda inkişafın ilkin mərhələsindədir və 2027-ci ilə qədər hazır olması planlaşdırılır.

Yeni raket əhəmiyyətli məsafələrdə dənizdə hərəkət edən hədəfləri vurmaq qabiliyyətinə malik olan “PrSM Increment 2” raketinə (“Precision Strike Missile”, “Lockheed Martin” şirkəti, ABŞ) birbaşa rəqibdir.

Bu raketin adi ballistik raketlərdən əsas fərqi hərəkət edən hədəfin aşkarlanmasını, tutulmasını və dəqiq məhv edilməsini təmin edən aktiv özütuşlama başlığıdır.

İstehsalçı ASBM raketinin xüsusiyyətləri, xüsusən də faydalı yük qabiliyyəti və döyüş başlığının növü ilə bağlı rəsmi məlumat vermir, lakin koreyalı mütəxəssislərin fikrincə, o, onun uçuş məsafəsi təxminən 300 km ola bilər. ASBM xüsusiyyətlərinə GPS (Global Positioning System), INS (Inertial Navigation System) və IIR (Imaging Infrared) bələdçi həlləri daxildir. Raket kompozit yanacaqla təchiz edilib və 80% vurma ehtimalına malikdir.

Qeyd edək ki, K239 “Chunmoo” YARS üçün öz raket çeşidinin genişləndirilməsi “Hanwha Aerospace” şirkətini Avropa və ABŞ hökumətləri tərəfindən müəyyən sanksiyalara məruz qalan ölkələrdən yeni sifarişlərlə təmin edəcək. Bundan başqa, raket uzun mənzilli gəmi əleyhinə silahlara dəfələrlə maraq göstərən Koreya və Polşa hərbçilərinə təklif olunacaq.

Xatırladaq ki, K239 “Chunmoo” YARS hazırlanmasına 2009-cu ildə başlanılıb və 2013-cü ilin sonlarında başa çatdırılıb.

K239 “Chunmoo” YARS bir neçə növ idarə olunan və ya idarə olunmayan reaktiv mərmi atmağa qadir özüyeriyən sistemdir. Buraxma qurğusu üç növ raket daşıya bilən iki istiqamətləndiricilər paketindən ibarətdir:

– hər paketdə 20 ədəd 131 mm idarə olunmayan reaktiv mərmi və ya

– hər paketdə 6 ədəd 230 mm-lik idarə olunmayan reaktiv mərmi və ya

– hər paketdə 6 ədəd 239 mm-lik idarə olunan raket və ya

– hər paketdə 4 ədəd 400 mm-lik idarə olunan raket və ya

– hər paketdə 2 ədəd 600 mm-lik taktiki ballistik raketi.

Paketlərin kombinasiyasını da yaratmaq mümkündür. Məsələn, bir paket 20×130 mm-lik və bir paket 6×230 mm-lik (239 mm-lik) reaktiv mərmilər (raketlər) və s.

Əsas taktiki-texniki xassələri aşağıdakı kimidir:

– çapı – 131 mm (K33 və ya CTM-080)

230 mm (KM26A2)

239 mm (CGR080 və ya CTM-MR)

400 mm (GPS-guided rockets)

600 mm (Ure-II və ya СТМ 290)

! açıqlama CTM – Chunmoo Tactical Missile;

– effektiv atış məsafəsi – 131 mm – 36 km

230 mm – 45 km

239 mm – 80 km

400 mm – >200 km

600 mm – 290 km;

– raketlərin idarəetmə sistemi – INS və GPS;

– döyüş vəziyyətində kütləsi – 25 ton;

– uzunluğu – 9 metr;

– eni – 2,5 metr;

– hündürlüyü – 3 metr;

– mühərrik – 400 at gücünə sahib dizel mühərriki;

– yanacaq üzrə gediş ehtiyatı – 800 km;

– şossedə maksimal hərəkət sürəti – 80 km/saat;

– heyəti – 3 nəfər.

Əhəd Vahidoğlu

CATEGORIES