“Kalaşnikov” yeni PUA-sını ilk dəfə Ər-Riyadda təqdim edəcək
Rusiyanın “Kalaşnikov” konserni yeni SKAT 350 M pilotsuz uçuş aparatını (PUA) ilk dəfə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək 2-ci Ümumdünya Müdafiə Sərgisində (WDS-2024) təqdim edəcək.
“Poliqon” “Kalaşnikov”a istinadən xəbər verir ki, kəşfiyyat məqsədli PUA olan SKAT 350 M özünü sübut etmiş “Supercam 350” pilotsuz uçuş aparatının dərin modernləşdirilmiş versiyasıdır.
Bildirilib ki, PUA-nın idarə edilməsində praktiki təcrübəni nəzərə alan “Kalaşnikov” mütəxəssisləri SKAT 350 M-də aerodinamik xüsusiyyətləri əhəmiyyətli dərəcədə yaxşılaşdırıblar və yerüstü idarəetmə avadanlığı kompleksini modernləşdiriblər.
PUA yeni qanad dizaynı və idarəetmə elementləri alıb, habelə onların mexaniki gücü və əməliyyat etibarlılığı artırılıb. Kompleksin bir çox funksiyaları avtomatlaşdırılmışdır ki, bu da operatorun təlimini və sonrakı işini asanlaşdırır.
SKAT 350 M daha yüksək performans xüsusiyyətlərinə malik yeni hədəf yükündən istifadə edir, həmçinin gündüz və termal kameraların işini yaxşılaşdıran texniki həllər tətbiq edir. Yenilənmiş alqoritmlərə malik müasir modul operatorun hədəfləri aşkarlamağını və davamlı şəkildə izləməyini asanlaşdırır.
Əsas performans xüsusiyyətləri:
- Qanad genişliyi – 3.2 m
- Uçuş müddəti – 240 dəqiqəyə qədər
- Sürət – 72-120 km/saat
- Mühərrik növü – elektrik
- Maksimum uçuş çəkisi – 15 kq
- Uçuş hündürlüyü – 300-2000 m
- Buraxılış qurğusu – elastik katapult/pnevmatik katapult
- Eniş – avtomatik və ya yarı avtomatik rejimlərdə paraşütlə