
“Kalaşnikov” konserni yeni SKAT 220 pilotsuz uçuş aparatının (PUA) sifarişçiyə tədarükünə başlayıb.
“Poliqon” xəbər verir ki, bu barədə “Kalaşnikov” konserni məlumat yayıb.
Bildirilib ki, SKAT 220 geniş tanınan SKAT 350M pilotsuz uçuş aparatının bazasında yaradılıb. Lakin yeni PUA sələfindən fərqli olaraq daha kiçik qanad açıqlığına (2,20 m) və daha az çəkiyə (12 kq) malikdir. Bu xüsusiyyətlər SKAT 220-yə 160 km/saata qədər sürət yığmağa imkan verir və onu öz sinfində fərqləndirir.
Elektrik mühərriki ilə təchiz olunan SKAT 220, havada 150 dəqiqədən çox qala bilir. O, katapult vasitəsilə buraxılır və paraşütlə eniş üçün uyğunlaşdırılıb. PUA həmçinin “böyük qardaşı” SKAT 350M kimi yüksək etibarlılıq və aşınmaya qarşı davamlılıq xüsusiyyətlərinə malikdir.
SKAT 220 təhlükəsizlik və mühafizə fəaliyyətlərində, ətraf mühitin qorunmasında, kənd təsərrüfatında, eləcə də yanacaq-energetika kompleksinin, nəqliyyat infrastrukturunun və elektrik ötürücü xətlərinin monitorinqində istifadə üçün nəzərdə tutulub.





