Kamboca ABŞ silahlarından imtina edib

Kamboca ABŞ silahlarından imtina edib

Kamboca ABŞ silahlarından rəsmən imtina edib.

“Poliqon” xəbər verir ki, Kambocanın baş naziri Hun Sen orduya ölkədəki bütün ABŞ silahlarını məhv etməyi və ya onları anbara göndərməyi əmr edib.

Hökumət başçısı Facebook hesabında, “Mən bütün ordu bölmələrinə hazırda Kambocada olan silah və hərbi təchizat arsenallarını dərhal təmizləməyi əmr edirəm. Biz onları tamamilə yığışdırmalı, anbarlara yerləşdirməli və ya məhv etməliyik. Kambocalılar müstəqil müdafiə sektoru yaratmaq istəyirlərsə, Amerika silahlarından istifadə etməməlidirlər. Amerika silahlarına sahib olanların çoxu müharibələri uduzub”, postunu paylaşıb.

Qeyd edək ki, bu açıqlama ABŞ-ın Kambocaya silah embarqosu tətbiq etməsindən sonra paylaşılıb. ABŞ rəsmiləri öz qərarlarını bu ölkədə insan haqlarının pozulması və korrupsiya, eləcə də “Çinin Kambocadakı hərəkətləri” ilə əsaslandırıblar. Xüsusilə, Birləşmiş Ştatlar Kambocanın qismən ABŞ pulu ilə tikilmiş və ABŞ Silahlı Qüvvələrinin təlimləri üçün nəzərdə tutulan Ream hərbi bazasındakı infrastrukturu Çinə verməyə hazırlaşdığından şübhələnir.

Xatırladaq ki, ABŞ istehsalı silahlar Kambocada keçən əsrin 70-ci illərində prezident Lon Nolun hakimiyyəti dövründə kütləvi şəkildə peyda olub. Lakin uzun müddətdir ki, ölkə Çin, Sovet və Rusiya istehsalı olan hərbi məhsulların böyük partiyalarını alır.

Söhbət ABŞ istehsalı silahların məhv edilməsi qərarının rasionallığından gedir. Məsələn, Vyetnamda, ABŞ və müttəfiqləri ilə şiddətli müharibəyə baxmayaraq, hələ də silahlanmada ABŞ hərbi məhsullarının böyük arsenalını saxlayırlar və bunda heç bir ideoloji dilemma görmürlər.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS