Kanada yenidən F-35 qırıcısı alır
Kanada öz Kral Hərbi Hava Qüvvələri (HHQ) üçün ABŞ-ın “Lockheed Martin” şirkətinin istehsalı olan F-35 “Lightning II” qırıcısını seçib və bunu ikinci dəfə edib.
“Poliqon” xəbər verir ki, Kanada Müdafiə Nazirliyi F-35 “Lightning II”-nin qələbəsini özünün Kral HHQ-nin əsas qırıcısı olaraq elan edib. “Future Fighter Capability Project” (FFCP) proqramı çərçivəsində keçirilən müsabiqədə “Lockheed Martin” şirkəti İsveçin “Gripen E” qırıcısını istehsal edən “Saab” şirkəti ilə rəqabət aparıb.
Kanada CF-18 “Hornet” (CF-188A/B və ya F/A-18A/B) qırıcılarını əvəz etmək üçün əyləc paraşütlü CF-35 modifikasiyasında 88 ədəd yeni F-35 qırıcısı almağı planlaşdırır. Hökumət bu alış üçün təxminən 19 milyard Kanada dolları (15 milyard ABŞ dollar) büdcə ayırıb.
Əgər Kanada və ABŞ razılığa gəlsələr, ilk alınan təyyarənin Kanadaya 2025-ci ildə daxil olması gözlənilir. Sövdələşmə baş tutmasa, o zaman rəsmi Kanada “Saab” şirkətinə müraciət edəcək. Ehtimal olunur ki, müqavilə, ABŞ-ın hökumətlərarası xarici hərbi satış proqramı (Foreign Military Sales – FMS) vasitəsilə bağlanacaq.
Bu alış Kanadaya NATO və NORAD (Şimali Amerika Hava-Kosmim Müdafiə Komandanlığı) qarşısında götürdüyü öhdəlikləri gələcəkdə yerinə yetirməyə imkan verəcək.
Qeyd edək ki, Kanadanın F-35 “Lightning II” döyüş təyyarələrini alması dəfələrlə siyasi mübahisələrə səbəb olub. Hələ 2010-cu ildə Kanada Mühafizəkarlar Partiyası hökuməti 65 ədəd F-35A təyyarəsi almağı planlaşdırdığını açıqlayıb. Bununla belə, Kanada Liberal Partiyası 2015-ci ildə seçkilərdə qalib gələndə, yeni baş nazir Castin Tryudo sövdələşməni ləğv edəcəyini və tender alışlarını yenidən başladacağını vəd edib. Eyni zamanda, Kanada F-35 “Lightning II” qırıcı təyyarəsini hazırlayan beynəlxalq “Joint Strike Fighter” proqramının üzvü olaraq qalıb.
Əhəd Əzizov