“Kaplan MT” tankının bu il qoşunlara seriyalı təchizatı başlayacaq

“Kaplan MT” tankının bu il qoşunlara seriyalı təchizatı başlayacaq

Türkiyənin FNSS ilə İndoneziyanın “PT Pindad” şirkətinin birgə hazırladığı və seriyalı istehsal mərhələsində olan ilk “Kaplan MT” tanklarının İndoneziya Ordusuna təhvil verilməsinə 2021-ci ilin son rübündə başlanacaq.

Bu barədə “Poliqon”a FNSS şirkətindən məlumat verilib.

Türkiyə və İndoneziya arasında yüngül tank layihəsinə dair müqavilə 2014-cü ildə imzalanıb. FNSS-in “Akıncı” Zirehli Döyüş Maşınının (ZMA) bazasında müəyyən dəyişikliklər aparılmaqla yaradılan yüngül tank sinfinə aid edilən “Kaplan MT” döyüş maşınları İndoneziya şəraitinə, xüsusilə cəngəllik şəraitlərinə uyğunlaşdırılıb.

Mütəxəssilərin sözlərinə görə, “Kaplan MT” öz sinifində ən üst səviyədə mina və ballistik qoruma imkanına sahibdir. İstəyə bağlı olaraq “Kaplan MT” tankı Türkiyənin ASELSAN şirkəti tərəfindən hazırlanan “Pulat” akitiv müdafiə sistemi ilə təchiz edilə bilər.

Əsas müharibə tankı ilə müqayisədə daha yüngül və daha kiçik ölçülərə malik olan “Kaplan MT” böyük tankların hərəkət edə bilmədiyi ərazidə, eləcə də ağırlıq səbəbindən böyük tankların keçə biləcəyi körpü və digər infrastrukturların olmadığı coğrafi bölgələrdə daha əhəmiyyətlidir.

“Akıncı” ZMA döyüş maşını üzərində aparılmış dəyişikliklər nəticəsində “Kaplan MT”nin çəkisi 2 ton artırılaraq 20 tona çatdırılıb. Əhəmiyyətli dəyişiklik döyüş maşınının silah sistemində olub. Yeni maşın sələfindən fərqli olaraq 30 mm-lik deyil, 105 mm-lik “Cockerill” yivsiz topla silahlandırılıb. Yüngül tanka avtomatik doldurma qabiliyyətinə malik “CMI Cockerill 3105” qülləsi inteqrasiya olunub.

“Kaplan MT” ilk atışdan hədəfi dəqiq vurmağa imkan verən atış nəzarət sistemi ilə komplektləşdirilib. Tankın ikinci silahı 7,62 mm çaplı pulemyotdur. Tankın əsas fərqi müxtəlif ekoloji mühitlərdə döyüş apara bilməsi, fərqli hədəflərə qısa, orta və ya uzun məsafədən atəş açmasıdır.

Poliqon.az

CATEGORIES
TAGS