Kərim Vəliyev Pakistanın müdafiə naziri ilə görüşüb
Pakistanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Parlamentin Müdafiə Palatasını ziyarət edərək bu ölkənin Federal müdafiə naziri Asif Muhammed Xavaca ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Pakistanın müdafiə naziri Azərbaycan ilə Pakistan arasında hərbi əlaqələrin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və ölkəmizlə hərbi əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Azərbaycan və Pakistanın həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində bütün məsələlərdə qarşılıqlı dəstək göstərdiyini qeyd edən nazir iki ölkənin yerləşdiyi bölgələrdə yaranmış vəziyyət və yeni çağırışların hərbi əməkdaşlığın möhkəmləndirilməsini zəruri etdiyini diqqətə çatdırıb.
A.M.Xavaca hər iki ölkə ordularının döyüş qabiliyyətinin artırılması, bu sahədə təcrübə mübadiləsinin aparılması, habelə əldə olunan nailiyyətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
General-polkovnik K.Vəliyev Pakistanla müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinin Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində olduğunu xüsusi qeyd edib.
K.Vəliyev azad edilmiş ərazilərdə aparılan mühəndis və bərpa-quruculuq işləri, həmçinin Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə törətdiyi təxribatlar və bu təxribatlara qarşı görülən tədbirlər barədə Pakistanın müdafiə nazirinə ətraflı məlumat verib.
Tərəflər birgə təlimlərin keçirilməsi, müdafiə sənayesi sahəsində əməkdaşlıq, o cümlədən qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə edib, Azərbaycan ilə Pakistan arasında hərbi və hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Görüşdə Azərbaycanın Pakistandakı Fövqəladə və Səlahiyyətli səfiri Xəzər Fərhadov da iştirak edib.