KF-21 qırıcılarının ilkin istehsal ediləcək sayı bəlli olub
Xəbər verdiyimiz kimi, Cənubi Koreya bu il KF-21 döyüş təyyarələrinin kütləvi istehsalına başlayacaq.
“Poliqon” “Yonhap” xəbər agentliyinə istinadən bildirir ki, 20 ədəd KF-21-in istehsalı ilə bağlı Cənubi Koreyanın Müdafiə Satınalmaları Proqramı Administrasiyası (DAPA) və “Korea Aerospace Industries” (KAI) şirkəti arasında müqavilə imzalanacaq.
Cari ilin ilk yarısında imzalanması planlaşdırılan müqavilədə diqqət çəkən məqamlardan biri ilkin mərhələdə istehsal ediləcək qırıcı sayının 40-dan 20-yə düşürülməsidir. Çünki bundan əvvəl DAPA tərəfindən ilk mərhələdə 40 ədəd qırıcının istehsal olunacağı açıqlanmışdı.
Qeyd edək ki, 2028-ci ilə qədər Cənubi Koreya Hərbi Hava Qüvvələrinə 40 ədəd, 2028-ci ildən 2032-ci ilə qədər isə 80 ədəd (ümumilikdə 120 ədəd) KF-21 döyüş təyyarəsi təhvil verilməlidir.
Rəsmi olmayan rəqəmlərə görə bir KF-21 qırıcısının dəyəri 130-140 milyon ABŞ dolları arasında dəyişir. Müqayisə üçün bildirək ki, hazırda bir F-35B qırıcısının qiyməti təxminən 110 milyon ABŞ dolları (F-35A 85 milyon və F-35C 95 milyon ABŞ dolları), Türkiyənin milli döyüş təyyarəsi KAAN-ın isə 100 milyon ABŞ dolları təşkil edir.
“Stealth” (gizlilik) texnologiyası əsasında hazırlanan KF-21 döyüş təyyarəsi 4++ nəsil hesab olunur. Ancaq KAI zamanla döyüş təyyarəsini təkmilləşdirərək 5-ci nəsil seqmentinə tam şəkildə uyğunlaşdırmağı planlaşdırır. KAI tərəfindən istehsal ediləcək KF-21-lər hazırda Cənubi Koreyanın Hərbi Hava Qüvvələrində xidmət göstərən köhnəlmiş F-4 və F-5 döyüş təyyarələrini əvəz edəcək.