Kommersiya uğuru əldə etmiş “Patria” 6×6 zirehli transportyoruna baxış – TƏHLİL

Kommersiya uğuru əldə etmiş “Patria” 6×6 zirehli transportyoruna baxış – TƏHLİL

Müasir müharibədə qoşunların mühafizə olunan taktiki nəqletməsinə ehtiyac hələ də mövcuddur.

“Poliqon”un məlumatına görə, “Patria” 6×6 avtomobili onilliklər ərzində müxtəlif sülhməramlı və böhran tapşırıqlarında və əsgərlərin daşınmasında istifadə edilən məşhur “Patria” zirehli təkərli maşınlarının mirasına əsaslanır.

“Patria” 6×6 modul quruluşa sahib olmaqla yüksək qabiliyyətlidir, eyni zamanda sadə, etibarlı və böyük park saylarında bu taktiki qabiliyyəti təmin etmək üçün əlverişlidir.

O, müasir qoruma və yüksək mobillik təmin edir. “Patria” 6×6 ZTR-in modul konstruksiyası geniş spektrli tapşırıqlara xas konfiqurasiyaların yaradılmasına imkan verir. “Patria” 6×6 ZTR qoşunların daşınması və döyüş dəstəyi üzrə istənilən tapşırıqlar üçün ideal seçimdir.

“Patria” 6×6 perspektivli təkərli zirehli transportyoru (ZTR) XXI əsrin onuncu illərin ortalarında Finlandiyanın “Patria Group” şirkəti tərəfindən inkişaf etdirilib. ZTR-in baza platforması üzmə sistemi, bucurqad, təkmilləşdirilmiş zireh mühafizəsi və müxtəlif silah sistemləri kimi müxtəlif əlavə xüsusiyyətlərlə müxtəlif istifadəçi tələblərinə cavab vermək üçün uyğunlaşdırıla bilər. Maşının quruluşu sürücü və komandirin öndə, mühərrik bölməsinin sürücünün arxasında, arxa hissədə isə desant və xüsusi avadanlığın yerləşdirilməsini nəzərdə tutur.

Yaradılmasından qısa müddət sonra o, beynəlxalq bazara çıxarılmış və tezliklə bir sıra müxtəlif sifarişçilərin marağını cəlb edə bilmişdir. İndiyə qədər zirehli transportyor seriyalı istehsala çatıb və bir neçə komplektləşdirmə versiyalarında mövcuddur. Açıq mənbələrdə olan məlumatlara əsasən, ötən müddət ərzində ən azı 200 ədəd Patria 6×6 ZTR-i istehsal edilib, 700 ədədə yaxın sifariş var və yeni müqavilələrin bağlanması gözlənilir.

Çoxməqsədli yeni platforma

489421838 1213387020286574 11586163824728882 n“Patria” 6×6 ZTR layihəsi üzərində işlərə 2010-cu illərin ortalarında, geniş imkanlara malik yeni zirehli maşın yaratmaq məqsədi ilə başlanıb. O, ilk növbədə, piyadaların daşınması, mühafizəsi və atəş dəstəyi üçün təyin edilib. Bundan başqa, ZTR müxtəlif döyüş modullarının, xüsusi avadanlıqların və s. yerləşdirilməsi üçün platformaya da çevrilə bilər. “Patria” 6×6 şassisi “Patria” AMV (armored modular vehicle — zirehli modul maşın) ZTR-inin konstruksiyası və komponentləri əsasında hazırlanıb. 30 ildən çox gözlənilən xidmət müddəti ərzində aşağı xərclərlə birlikdə satınalmada əlçatanlığı “Patria” 6×6 konstruksiyasının rəhbər prinsipləridir. İnkişaf zamanı zirehli maşının sistemlərinin texniki qulluğu, təmiri və təkmilləşdirilməsi də nəzərə alınıb. Bütün bunlar “Patria” 6×6 ZTR-ini münasib qiymətə və yüksək etibarlı zirehli təkərli platformaya çevirib.

Yeni maşının ZTR konfiqurasiyasında olan prototipi ilk dəfə Fransanın paytaxtı Paris şəhərində 11-15 iyun 2018-ci il tarixlərində keçirilən “Eurosatory 2018” Beynəlxalq quru və havadan-qurudan müdafiə və təhlükəsizlik sənayesi sərgisində təqdim edilib. Artıq 2018-ci ildə “Patria” 6×6 prototip maşınının uğurla sınaqdan keçirildiyi və tezliklə onları tamamlayacağı bildirilmişdi. ZTR-in seriyalı istehsalına isə onilliyin sonunda başlamaq planlaşdırılmışdı. Bununla əlaqədar olaraq, “Patria Group” şirkəti alıcı axtarışı məqsədi ilə reklam kampaniyasına başlamış, maraqlı tərəflərə texnikaların birgə istehsal edilməsini təklif etmişdir.

Növbəti il, 10-13 sentyabr 2019-cu il tarixində London şəhərində keçirilən “DSEi 2019” Beynəlxalq silah yarmarka-sərgisində 120 mm-lik “Nemo” döyüş modulu olan özüyeriyən minaatan nümayiş etdirilib. “DSEi 2021” yarmarka-sərgisində isə nümayiş etdirilən 25 mm-lik uzaqdan idarə olunan döyüş modullu ağır ZTR variantı nümayiş etdirilib. Daha sonra ümumi şassidəki avadanlıqların digər versiyaları dəfələrlə təqdim olunub.

2020-ci ilin əvvəlində Finlandiya, Estoniya və Latviya “Patria” 6×6 ZTR əsasında ümumi zirehli maşın sisteminin (Common Armoured Vehicle System – CAVS) inkişaf etdirmək üzrə birgə proqram haqqında razılığa gəliblər. Proqram digər ölkələrin qoşulması üçün açıq qalır. CAVS proqramının nəticəsi olaraq Latviya 200 ədəddən çox zirehli transportyor üçün sifariş verib. İlk maşınlar sifarişçiyə 2021-ci ilin oktyabrında təhvil verilib. 24 may 2024-cü il tarixində isə Latviyanın Valmiera şəhərində “Defence Partnership Latvia” şirkətinin istehsal müəssisəsi açılıb və bu müəssisə bir il ərzində 160 ədədə qədər “Patria” 6×6 ZTR-i istehsal edə bilir. Finlandiya 2023-cü ildə 160 ədəd “Patria” 6×6 ZTR-i almaq üçün niyyəti məktubu göndərib. Finlandiya Müdafiə Qüvvələri son istehsal sifarişindən əvvəl sınaq istifadəsi üçün 2022-ci ilin yayına qədər təhvil veriləcək üç istehsal öncəsi zirehli transportyoru almaq barədə “Patria Group” şirkəti ilə müqavilə imzalayıb. 2022-ci ilin iyun ayında İsveç və Almaniya Danimarka da CAVS proqramına qoşulub. 2025-ci ilin əvvəlində Böyük Britaniya proqrama və Finlandiya zirehli maşınlarına maraq göstərib, lakin hələlik proqrama qoşulmayıb. CAVS-də iştirak etmək planlarını açıqlayan ən son ölkə isə Danimarkadır. Bu, 2025-ci il aprelin 1-də baş verib. Sonradan, 2023-cü ildə Estoniya Türkiyənin “Otokar” şirkətinin ARMA və “Nurol Makina” şirkətinin NSS zirehli maşınlarının seçərək CAVS proqramından çıxmışdır. Beləliklə, yekunda CAVS proqramında 5 dövlət üzv qalmışdır.

Patria 6×6 ZTR-nin texniki xüsusiyyətləri

489825507 1213387066953236 5101183415411822200 nƏsas konfiqurasiyada “Patria” 6×6 üç oxlu şassili döyüş zirehli platformadır. Onun gövdəsinin daxilində insanların və ya xüsusi avadanlıqların yerləşdirilməsi üçün böyük bir bölmə var. Damda müxtəlif növ döyüş modulları quraşdırıla bilər. Ümumiyyətlə, söhbət tələb olunan tipli texnika qurula biləcək universal platformadan gedir.

“Patria” 6×6 ZTR-i xarakterik bir görünüşə malik qaynaqlanmış zirehli gövdəyə malikdir. Burun hissədə böyük şüşə sahələri və yanlarda (bortlarda) öz qapıları olan idarəetmə bölməsi var. İdarəemə bölməsinin arxasında mühərrik bölməsi var və arxa tərəf desant bölməsinin və ya lazımi avadanlıqların yerləşdirilməsi üçün ayrılıb. Yük maşını kimi intuitiv istifadəçi interfeysi, yaxşı görmə və böyük daxili həcm onu ​​öyrənməyi və idarə etməyi asanlaşdırır.

Baza konfiqurasiyasında gövdə STANAG 4569 standartı üzrə  2-ci mühafizə səviyyəsinə (2 Level) uyğundur. O, 7,62 mm-lik pulemyot güllələrindən dairəvi qorunmanı və ya təkər və dib altında 6 kq trotilin partlamasından qorunmanı təmin edir. Mühafizəni 4-cü səviyyəyə (4 Level) qaldıraraq əlavə zireh quraşdırmaq mümkündür. Bu konfiqurasiyada zirehli platforma 14,5 mm-lik güllələrdən və 10 kq-lıq minalardan qorunur.

Əlavə zireh və döyüş modulu olmayan “Patria” 6×6 ZTR-in uzunluğu 7,5 m, eni 2,9 m və hündürlüyü 2,5 m-dir. Konstruksiyanın boş kütləsi 15,5 tondur. Maksimal döyüş kütləsi konfiqurasiyadan və ehtiyaclardan asılıdır. Beləliklə, avtomobil 21,5 tona qədər kütlədə üzmək qabiliyyətini saxlayır. Baza konstruksiyasının şassisi döyüş kütləsinin 22 tona qədər artırmağa imkan verir, gücləndirilmiş konstruksiya isə bu parametri əlavə 2 ton artırır.

“Patria” 6×6 ZTR 394 at gücünə malik “Scania DC 09” dizel mühərriki ilə təchiz edilib. ZF transmissiyası fırlanma anını altı təkərin hamısına paylayır. Şassi, “Patria” AMV XP zirehli maşınında olduğu kimi şaquli yayları olan köndələn qollar üzərində müstəqil asqıya malikdir. Maşın iki ön oxun hərəkətliliyi və idarə olunması üçün optimallaşdırılmış daimi tam ötürücü ilə təchiz olunub. Əlavə hidropnevmatik amortizatorların quraşdırılması mümkündür. Onlar maksimal kütləni 2 ton artırmağa imkan verir. Suda hərəkət etmək üçün iki arxa avar pərvanəsi nəzərdə tutulub.

Bildirilir ki, “Patria” 6×6 konfiqurasiyadan asılı olaraq şossedə ən azı 100 km/saat sürətlə hərəkət edə bilir. Suda üzən zaman maksimal 8 km/saat sürətə çatmaq olur. Yanacaq üzrə gediş ehtiyatı döyüş kütləsindən asılıdır və 650-700 km-ə çatır. Bundan əlavə, konfiqurasiya və kütlə yolsuzluq şəraitində keçidlik qabiliyyətinə də təsir göstərir.

490297031 1213386973619912 6735380435894054876 n“Patria” 6×6 ZTR-in minimal heyəti iki nəfərdən – sürücü və komandirdən ibarətdir. Müxtəlif döyüş modullarından istifadə edərkən heyətin tərkibinə tuşlayıcı-operator və lazım olduqda doldurucu da daxil edilir. Desant bölməsinin ölçüləri 8-10 nəfərə qədər yerləşdirməyə imkan verir. Qeyd etmək lazımdır ki, onların bütün təchizatı qorunan gövdə içərisində yerləşdirilir və təchizat 72 saatlıq tapşırıq üçün nəzərdə tutulub.

Qeyd edildiyi kimi, zirehli maşının gövdəsinin damında müxtəlif döyüş modulları quraşdırıla bilər. Zirehli transportor versiyasında “Patria” 6×6 turel, yaxud normal və ya iri çaplı pulemyotla uzaqdan idarə olunan döyüş modulu ilə təchiz edilir. Eyni zamanda, “Patria” 6×6 ZTR-in üzərində kiçik çaplı artilleriya topu və minaatan olan döyüş modulları da nümayiş etdirilib.

“Patria” 6×6 köməkçi təyinatlı maşınlar üçün baza kimi də istifadə edilə bilər. Desant bölməsindəki müxtəlif avadanlıqlar sayəsində platforma komanda-qərargah, sanitar (tibbi təxliyə), kəşfiyyat və ya digər maşına çevrilir. Desant bölməsinin ölçüsü müxtəlif avadanlıqların və bir neçə iş yerinin yerləşdirilməsinə imkan verir.

Avropa ölkələri üçün ümumi zirehli maşın

Az öncə qeyd edildiyi kimi, 2010-cu illərin sonu 2020-ci illərin əvvəllərində Finlandiya beynəlxalq istehsal kooperasiyasını təşkil etmək təşəbbüsü ilə çıxış edib və Avropa ölkələri “Common Armoured Vehicle Systems” (CAVS) proqramına qoşulmağa dəvət olunub. Belə bir proqram çərçivəsində zirehli texnikanın istehsalı prosesinin bir neçə ölkə arasında bölüşdürülməsi, xüsusilə, texnikanın son yığılmasının sifarişçi ölkənin istehsalat müəssisələrində aparılması təklif olunub.

2020-ci ilin əvvəlində CAVS çərçivəsində ilk müqavilə imzalanıb, Finlandiya, Latviya və Estoniya proqramın iştirakçıları olublar. Latviya dərhal zirehli maşınların yığılması üçün istehsal müəssisələri hazırlamağa başlamış və bir neçə il sonra onları yığmağa başlamışdır. Eyni zamanda, Estoniya ordusu tezliklə Finlandiya zirehli platformasından məyus olmuş, proqramdan çıxmış və Türkiyənin “Otokar” şirkətinin ARMA 6×6 (130 ədəd) və “Nurol Makina” şirkətinin NMS 4×4 (100 ədəd) zirehli maşınlarını almaq qərarına gəlmişdir.

Göründüyü kimi, Finlandiya tərəfi öz CAVS proqramını heç bir məhdudiyyət olmadan istəyən hər bir ölkəyə təklif edir. Bununla belə, bir neçə ölkə təklifi qəbul etmiş və onlardan biri kifayət qədər qısa müddətdən sonra birgə layihədən çıxmışdır. Qalanları isə işlərini davam etdirir, lazımi tədbirlər görür və yaxın keçmişdə ilk arzu olunan nəticələri əldə etməyə başlayıblar.

489168497 1213386980286578 273482790560103625 n“Patria” 6×6 ZTR-in sifarişləri və tədarükləri

Əslində, “Patria” 6×6 zirehli transportyorlarının ilk sifarişçisi Latviya olub. O, sifarişini CAVS proqramının başladığı vaxtda verib. Müqavilə 2021-ci ildən sonra və 2029-cu ilə qədər 200 ədəd zirehli texnikanın çatdırılmasını nəzərdə tutur. 2024-cü ilin sonunda isə Latviya Ordusu eyni şassidə 56 komanda-qərargah maşını üçün əlavə sifariş verib. Latviya Müdafiə nazirliyinin sifarişinin bir hissəsini Finlandiya sənayesi yerinə yetirib. Paralel olaraq yerli istehsala hazırlıq gedib. Latviyada yığılmış ZTR-lərin ilk partiyası 2024-cü ilin avqustunda sifarişçiyə çatdırılıb. Qalan sifarişin əsas hissəsini isə yerli sənaye yerinə yetirəcək.

2023-cü ilin aprelində İsveç texnikaların ikinci alıcısı olub. İlin sonuna qədər təhvil verilməsi üçün 20 ədəd yeni ZTR sifariş edilib. Bu texnikanın qoşun sınaqlarında istifadəsi və istismar təcrübəsinin əldə edilməsi planlaşdırılır. Bu tədbirlərin nəticələri əsasında “Patria” 6×6 zirehli transportyorları yüksək qiymət alıb. 2024-cü ilin mart ayında İsveç Ordusu 321 ədəd “Patria” 6×6 ZTR-in əsas partiyası üçün sifariş verib. Bu sifariş əsasında zirehli transportyor, komanda-qərargah maşını, sanitar (tibbi təxliyə) maşını istehsal ediləcək. Çatdırılmaların 2025-ci ildə başlaması və onilliyin sonunda başa çatdırılması gözlənilir.

2023-cü ilin iyun ayında Finlandiya Silahlı Qüvvələri özləri üçün 91 ədəd ZTR sifariş edib və həmçinin 70 ədəd maşın üçün müxtəlif variantlara seçim (opsiya) verib. İlin sonuna qədər ilk zirehli transportyorların buraxılması gözlənilirdi və bu planlar uğurla yerinə yetirilib. 2024-cü ilin yanvar və sentyabr aylarında Finlandiya tərəfi 41 ədəd və 29 ədəd ZTR üçün əlavə sifarişlər verib və bununla da seçimi bağlayıb.

2023-cü ilin payızında “Patria” 6×6 zirehli transportyoru köhnə TPz Fuchs 6×6 təkərli zirehli maşınlarını və M113 tırtıllı ZTR-ləri əvəz etmək məqsədi ilə Almaniya Bundesverinin keçirdiyi müsabiqəyə daxil edilib. Müsabiqənin nəticələrinə əsasən 2024-cü ildə Finlandiya platforması ən uğurlu hesab edilmiş, bundan sonra satınalma üçün hazırlıqlara başlanmışdı. Beləliklə, 2025-ci ilin yanvarında Almaniya gələcək müqavilə ilə bağlı məsləhətləşmələrə başlayıb. Ümumilikdə, o, 1000 ədəd yeni zirehli maşın almaq istəyir, lakin ilk müqaviləyə yalnız 300 ədədi daxil ediləcək. Onlar yaxın bir neçə il ərzində sifarişçiyə təhvil veriləcək.

Həmçinin, Bundesver 2023-cü ilin payızında 252 ədəd köhnəlmiş “LGS Fennek” 4×4 təkərli kəşfiyyat maşınlarını əvəz etmək üçün müsabiqə başlayıb. Məqsəd “SpähFz NG” də adlandırılan “zirehli təkərli maşın, yeni nəsil kəşfiyyat maşını” əldə etməkdir. Bundesver yeni maşınla 2028-ci ilin sonuna qədər köhnəlməsi gözlənilən “LGS Fennek” 4×4 zirehli kəşfiyyat maşınlarını əvəz etməyi hədəfləyir. Seçilmiş istehsalçı sonuncu zirehli maşının çatdırılmasından sonra iki onillik ərzində bu maşınlara xidmət göstərməyə cavabdeh olacaq. Bu məqsədlə keçirilən müsabiqədə “Rheinmetall” şirkəti “Fuchs”, “Patria Group” şirkəti “Common Armored Vehicle System”, “General Dynamics European Land Systems” (GDELS) şirkəti “Piranha” 6×6, “Iveco” və “Hensoldt” şirkətləri “SuperAV” zirehli maşınları ilə iştirak ediblər. “Patria Group” şirkəti bu müsabiqəni qazana bilməmişdir. Müsabiqənin nəticəsi olaraq, Bundesverin “Fennek” əvəzedicisi, GDELS şirkətinin “Piranha” 6×6 bazasında hazırlanacaq.

Xarici KİV-in son xəbərlərinə görə, “Patria” 6×6 ZTR-in növbəti alıcısı Danimarka olacaq. Baza ZTR konfiqurasiyasında bu maşınlardan 130 ədəd alınacaq. İlk partiyanın bu il, qalan avadanlıqların isə növbəti bir neçə il ərzində çatdırılacağı gözlənilir.

Cari ilin yanvar ayında Finlandiya və Böyük Britaniya ilkin danışıqları başa çatdırıb və anlaşma memorandumu imzalayıblar. Yaxın vaxtlarda onların yeni məsləhətləşmələr keçirəcəkləri, bundan sonra zirehli texnikanın tədarükü ilə bağlı tam hüquqlu müqavilə imzalayacaqları gözlənilir. Bununla belə, hətta onun təxmini həcmləri və dəyəri məlum deyil.

“Patria” 6×6 ZTR-inin qısa müddətdə əldə etdiyi kommersiya uğuru

489735999 1213387026953240 6477011836473292290 nMəlum olduğu kimi, bu günə qədər “Patria Group” şirkəti bütün modifikasiyalı cəmi 888 ədəd “Patria” 6×6 ZTR üçün sifarişlər alıb. Bundan başqa, Almaniyanın 300 və 700 ədədlik sifarişləri hazırlanır, həmçinin qeyd olunduğu kimi Böyük Britaniya ilə danışıqlar aparılır.

Bir müddət əvvəl “Patria Group” şirkəti öz məhsullarının növbəti sərgisini keçirmiş və bu sərgi zamanı ən son nailiyyətləri ilə öyünmüşdür. Bildirilmişdir ki, bu günə kimi yeni ailənin 200 ədəddən çox maşını istehsal edilərək sifarişçilərə təhvil verilib. Onların istehsalı davam edir və əvvəllər alınan sifarişlərin yerinə yetirilməsi isə sadəcə zaman məsələsidir.

Beləliklə, “Patria” 6×6 zirehli platformasının yaxşı kommersiya nəticələri nümayiş etdirdiyini müşahidə etmək olur. Artıq Finlandiyanı nəzərə almasaq, ZTR dörd xarici ölkənin diqqətini cəlb edib və yaxın vaxtlarda alıcıların siyahısı genişlənəcək. Eyni zamanda, söhbət müasir Avropa sənayesi standartları üzrə kifayət qədər böyük istehsal həcmlərindən gedir.

Ümumilikdə, “Patria” 6×6 ZTR-i kommersiya baxımından ən uğurlu müasir Finlandiya inkişaflarından biri olduğunu iddia edə bilər. Lakin Avropadakı mövcud vəziyyət həm sifarişçilər, həm də istehsalçılar üçün müəyyən məhdudiyyətlər qoya bilər. Şirkətin bütün qəbul edilən sifarişlərin öhdəsindən gəlib-gəlməyəcəyini isə zaman göstərəcək.

Əhəd Vahidoğlu

CATEGORIES
TAGS