
KONGSBERG şirkəti Ukraynada raket və insansız katerlər inkişaf etdirəcək
Norveçin “Kongsberg Defence & Aerospace” şirkəti (KONGSBERG) Ukraynada zenit idarə olunan raketlərin və insansız katerlərin hazırlanması və istehsalı üçün bu ölkənin iki əsas sənaye şirkəti ilə müqavilələr imzalayıb.
“Poliqon” KONGSBERG-ə istinadən xəbər verir ki, eyni zamanda, şirkət Kiyevdə daimi ofis açıb.
Belə ki, Kiyevə səfəri zamanı KONGSBERG şirkətinin prezidenti Eirik Lie və ukraynalı tərəfdaş, müxtəlif hədəflərə, o cümlədən dronlara qarşı istifadə edilə biləcək zenit idarə olunan raketlərinin birgə hazırlanması və istehsalına dair anlaşma memorandumu imzalayıblar.
“Dron hücumlarından yaranan təhdidlərlə mübarizə aparmaq üçün daha sərfəli və kütləvi şəkildə istehsal edilə bilən zenit idarə olunan raketlərə ciddi ehtiyac var. Norveç hökumətinin dəstəyi və ukraynalı tərəfdaşımızla birlikdə çoxsaylı raketlərin istehsalı və NASAMS hava hücumundan müdafiə sistemi ilə inteqrasiya edilə biləcək təsirli bir raket hazırlamağı səbirsizliklə gözləyirik,” – deyə Eirik Lie bildirib.
Bundan əlavə, KONGSBERG və Ukraynadakı digər yerli sənaye tərəfdaşı arasında silah modulları ilə təchiz olunacaq insansız katerlərin hazırlanması üzrə daha bir anlaşma memorandumu imzalanıb.
Qeyd olunub ki, sözügedən insansız katerlərin inkişaf etdirilməsi də Norveç hökuməti tərəfindən maliyyələşdirilir.