Kontr-admiral Abbas Qiyasov: Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində dövlət sərhədi fasiləsiz mühafizə edilir

Kontr-admiral Abbas Qiyasov: Sahil Mühafizəsi tərəfindən Xəzər dənizində dövlət sərhədi fasiləsiz mühafizə edilir

“Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyi Strategiyası”nın tələblərinin yerinə yetirilməsi və dövlət qurumlarının müvafiq idarələri ilə informasiya mübadiləsinin təmin edilməsi məqsədi ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları Vahid Əlaqələndirmə Qrupu heyətinə cəlb edilib, həmçinin qurumlararası yeni qarşılıqlı əlaqə və əməliyyat planları hazırlanaraq icrası təmin olunur.

Bu fikirləri Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin qərargah rəisi, kontr-admiral Abbas Qiyasov POLİQON jurnalına müsahibəsində deyib.

Kontr-admiral A.Qiyasov bildirib ki, 2013-cü il sentyabrın 11-də Azərbaycan Prezidentinin 3130 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dəniz Təhlükəsizliyi Strategiyası”nın məqsədləri Azərbaycanın milli təhlükəsizliyi və milli maraqları əleyhinə yönələn, dənizdə mövcud olan və gələcəkdə ehtimal olunan təhdidlərin qarşısının alınması üçün bütün səyləri birləşdirməkdən ibarətdir.

“Strategiyanın 4-cü maddəsində dəniz təhlükəsizliyinin təmin olunmasında iştirak edən qurumlar və vəzifələr əksini tapmış, 6-cı maddəsində isə qurumların vəzifələri çərçivəsində fəaliyyət istiqamətləri müəyyən edilib.

Azərbaycan Prezidentinin 2002-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “İxrac boru kəmərlərinin təhlükəsizliyinin təmin edilməsinə dair Kompleks Tədbirlər Planı”nın icrası ilə əlaqədar “MN-nin HDQ-nin və DSX-nin SM-nin Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən neft və qaz çıxarma rayonlarını və ixrac neft və qaz boru kəmərlərinin təhlükəsizliyinin təmini üzrə birgə Əməliyyat Planı”nın icrası Sahil Mühafizəsinin gəmi, katerləri, sahil bölmələri və texniki müşahidə məntəqələri tərəfindən təmin olunur”, – deyə kontr-admiral A. Qiyasov vurğulayıb.

Qərargah rəisi bildirib ki, dənizdə yerləşən neft-qaz infrastrukturunun təhlükəsizliyi sahəsində qarşılıqlı fəaliyyətin təmin olunması üzrə Dövlət Sərhəd Xidməti və Dövlət Neft Şirkəti arasında qarşılıqlı fəaliyyət planı imzalanaraq icrası Sahil Mühafizəsinin gəmiləri və sahil bölmələri tərəfindən həyata keçirilir: “Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresursların mühafizəsi sahəsində nəzarətin gücləndirilməsinə dair Daxil İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri və Dövlət Sərhəd Xidməti arasında imzalanmış Plana əsasən zəruri tədbirlər həyata keçirilməkdədir.

Eyni zamanda Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində neft-qaz platformalarının, boru kəmərlərinin və dəniz sərhədlərinin mühafizəsi, kiçikhəcmli üzmə vasitələri, vahid yanalma körpüləri, tikililər ilə qapadılmış ərazilərlə bağlı problemlərin həlli məqsədi ilə Azərbaycan Nazirlər Kabinetinin tapşırığı əsasında yaradılmış işçi qrupu (Daxil İşlər, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, Dövlət Təhlükəsizliyi, Prezidentin Təhlükəsizliyi və Dövlət Sərhəd xidmətləri, Dəniz və Liman Agentliyi) tərəfindən qanunvericilikdə dəyişiklərin edilməsinə dair təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib”.

Poliqon.az

CATEGORIES
TAGS