Latviya ABŞ-dan NSM sahil mühafizə sistemi alır

Latviya ABŞ-dan NSM sahil mühafizə sistemi alır

ABŞ hökuməti 110 milyon dollar dəyərində NSM (Naval Strike Missile) sahil mühafizə sisteminin Latviyaya satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, bu sifarişə NSM sahil mühafizə sisteminin, onun taktiki və təlim raketlərinin, konteynerlərinin, inteqrasiya avadanlığının və digər vasitələrinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

ABŞ-ın “Raytheon Missiles and Defense” və Norveçin “Kongsberg” şirkəti tərəfindən birlikdə hazırlanan NSM ilə bağlı sifarişin baş podratçısı rolunda hansı şirkətin çıxış edəcəyi hələlik müəyyən edilməyib.

DSCA-nın məlumatında qeyd olunub ki, bu satış Avropada siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olan NATO müttəfiqi Latviyanın təhlükəsizliyini yaxşılaşdırmaqla ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə dəstək verəcək, eyni zamanda Latviyanın Baltik dənizində mövcud və gələcək təhlükələrə qarşı cavab vermək qabiliyyətini artıracaq.

NSM, “Raytheon Missiles and Defense” ilə “Kongsberg” tərəfindən birgə yaradılan gəmi əleyhinə və yerüstü 5-ci nəsil ən yüksək dəqiqlikli uzun mənzilli zərbə raketidir. Raket Microturbo TRI-40 turboreaktiv mühərriki ilə təchiz edilib.

Ən müasir quruluş və kompozit materialların istifadəsi, raketlərə mürəkkəb gizlilik imkanları vermək üçün tətbiq olunub. Kütləsi 400 kq-dan biraz artıq olan raketin nüfuzedici/fuqas döyüş hissəsinin kütləsi 120 kq, minimal uçuş mənzili 3 km və maksimal uçuş mənzili 185 km-dən (100 dəniz milindən) çoxdur. Onun uzunluğu 3.96 m, qanad açıqlığı 1.4 metr və uçuş sürəti 0.975 Machdır.

NSM raketi sahil sularında və açıq dəniz ssenarilərində aparılacaq döyüş fəaliyyətləri üçün nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS