
Latviya Nazirlər Kabineti Silahlı Qüvvələrin ehtiyacları üçün Çexiyanın “Excalibur Army” şirkəti tərəfindən istehsal olunan 155 mm-lik “Morana” özüyeriyən artilleriya qurğularının (ÖAQ) alınmasına qərar verib.
“Poliqon” Latviya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, 155 mm-lik “Morana” ÖAQ-larının alınması Silahlı Qüvvələrin artilleriya bölmələrini gücləndirərək ölkənin çəkindirmə və müdafiə imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Latviya Müdafiə Nazirliyi 155 mm-lik özüyeriyən artilleriya qurğularının satın alınması ilə bağlı bazar araşdırmasına 2024-cü ilin may ayında başlayıb. Təkliflərin qiymətləndirilməsindən sonra İsveçin “BAE Systems Bofors” şirkəti ilə “Archer”, Çexiyanın “Excalibur Army” şirkəti ilə isə “Morana” sistemlərinin alınması üzrə danışıqlar davam etdirilib.
Latviya 2025-ci ilin iyununda İsveçlə “Archer” sistemlərinin alınması ilə bağlı niyyət məktubu imzalasa da, sonradan maliyyə imkanları və uzun çatdırılma müddəti səbəbindən bu sistemlərin alınmasının mümkün olmadığı müəyyən edilib.
“Excalibur Army” ilə aparılan danışıqlar nəticəsində daha münasib qiymətə və daha qısa müddətdə çatdırıla bilən, o cümlədən “Archer”ə bənzər imkanlara malik artilleriya sistemi təklif edilib ki, bu da Latviyanın artilleriya imkanlarını daha qısa müddətdə gücləndirməsinə şərait yaradacaq. Bundan əlavə, müqavilə çərçivəsində yerli sənayenin də prosesə cəlb edilməsi nəzərdə tutulur.





