
“Leonardo DRS” şirkəti dəniz missiya avadanlıq paketi (M-MEP) sistemini “Sea Machines STORMRUNNER” avtonom insansız dəniz aparatına (İDA) uğurla inteqrasiya edib.
“Poliqon” “Leonardo DRS”yə istinadən xəbər verir ki, bu inteqrasiya dəniz mühitində fəaliyyət göstərən pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamaq, izləmək, identifikasiya etmək və zərərsizləşdirmək üçün nəzərdə tutulmuş yeni antidron qabiliyyəti təqdim edir.
Sözügedən həll həm ekipajlı, həm də insansız platformalara sürətli inteqrasiya üçün hazırlanıb və gəmilər, limanlar, sahilyanı infrastrukturlar, eləcə də ekspedisiya qüvvələri üçün artan dron təhdidlərinə qarşı müdafiə imkanları yaradır.
M-MEP sistemi hava hədəflərinin aşkarlanmasından tutmuş onların məhv edilməsinə qədər olan bütün mərhələləri vahid platformada cəmləşdirir. Müxtəlif dəniz platformalarına uyğunlaşdırıla bilən sistem dəniz radarı, elektro-optik və infraqırmızı (EO/IR) sensorlar, inteqrasiya olunmuş şəbəkə imkanları, süni intellekt əsaslı sensor birləşdirmə və komanda-idarəetmə üçün “SAGEcore” proqram təminatını, eləcə də müxtəlif gəmi tiplərinə sürətli quraşdırmanı təmin edən inteqrasiya dəstini özündə birləşdirir.




