
Litva ABŞ-dan əlavə JLTV zirehli avtomobilləri alır
Litvanın Müdafiə Nazirliyinə bağlı olan Müdafiə Avadanlıqları Agentliyi və ABŞ hökuməti arasında əlavə JLTV (Joint Light Tactical Vehicles) zirehli avtomobillərin alqı-satqısı ilə bağlı müqavilə imzalanıb.
“Poliqon” xəbər verir ki, bu barədə Litva Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Müqaviləyə əsasən ABŞ Litva Ordusuna əlavə 300 ədəd JLTV zirehli nəqliyyat vasitəsi tədarük edəcək.
Bundan əvvəl 2019-cu ildə Litva Müdafiə Avadanlıqları Agentliyi və ABŞ hökuməti arasında 500 ədəd JLTV zirehli maşınının alql-satqısı ilə bağlı müqavilə imzalanıb.
Qeyd edək ki, ABŞ-ın “Oshkosh Defence” şirkəti tərəfindən istehsal olunan JLTV zirehli avtomobilinin çəkisi 6.2 tondur. Zirehli maşın 483 kilometr mənzilə, maksimum 113 km/saat sürətlə hərəkət etmək imkanına və -32 ilə +52 dərəcə arasında işləmək bacarığına malikdir.