Litva Silahlı Qüvvələri ABŞ-dan əlavə “Javelin” kompleksləri alır

Litva Silahlı Qüvvələri ABŞ-dan əlavə “Javelin” kompleksləri alır

Litva Silahlı Qüvvələri ABŞ-dan 40 milyon dollar dəyərində “Javelin” tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) alacaq.

“Poliqon”un məlumatına görə, hazırda Litva ilə ABŞ arasında sözügedən müdafiə təyinatlı məhsulların mümkün qədər tez çatdırılması üçün danışıqlar aparılır.

Litvanın müdafiə nazirinin sözlərinə görə, “ABŞ-dan alınan “Javelin” TƏİRK-lər Litvanın müdafiə qabiliyyətinin gücləndirilməsinə, döyüş imkanlarının artırılmasına mühüm töhfə verəcək. Müdafiə naziri qeyd edib ki, əlavə “Javelin” TƏİRK-lər Litva Quru Qoşunlarının bölmələri üçün nəzərdə tutulub.

Bundan əvvəl 2020-ci ildə Litva, ordusunun tələbatını ödəməkdən ötrü ABŞ-dan 41 milyon dollar dəyərində FGM-148 “Javelin” TƏİRK alıb.

Ümumilikdə, Litva yaxın on il ərzində bu tip komplekslərdən daha 104 milyon ABŞ dolları həcmində satın almağı planlaşdırır.

Qeyd edək ki, “Javelin” TƏİRK 1990-cı illərdən bəri ABŞ və bir sıra digər ölkələrin silahlı qüvvələrində olan “atdın-unutdun” prinsipi ilə işləyən üçüncü nəsil tank əleyhinə raket kompleksidir. Tank əleyhinə idarə olunan FGM -148 raketi zirehli texnikaları, yerüstü istehkamları, habelə aşağı yüksəklikdə və sürətlə hərəkət edən bəzi uçuş aparatlarını – helikopterləri və ya PUA-ları məhv etmək üçün təyin edilib.

“Javelin” kompleksinin çəkisi 22.3 kq, uzunluğu 1.3 metr, çapı 127 mm, atış məsafəsi 2500-4750 metr təşkil edir. 8.4 kq ağırlığında tandem-kumulyativ döyüş başlığına malik raket 600-800 mm qalınlığında zirehi dəlməyi bacarır.

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS