
“Lockheed Martin” şirkəti ABŞ Ordusu və qlobal tərəfdaşları hazırladığı və təlim üçün nəzərdə tutulan “Joint Reduced Range Rocket” (JR3) həllinin ikinci sınağını uğurla keçirib.
“Poliqon” “Lockheed Martin”ə istinadən xəbər verir ki, ABŞ-ın Arizona ştatındakı Yuma Sınaq Poliqonunda keçirilən uçuş sınağında şirkət HIMARS yaylım atəşli reaktiv sistemindən (YARS) bir neçə təlim raketini uğurla buraxıb.
Sınaq zamanı raketlərin uçuş məsafəsi, trayektoriyası, dəqiqliyi və nişanlama yükünün effektivliyi nümayiş etdirilib.
Şirkətin sözlərinə görə, JR3 raketi HIMARS və M270 YARS-ları üçün nəzərdə tutulub və 24 raketlik, yenidən istifadə edilə bilən buraxılış konteynerindən istifadə edir. Bu həll müxtəlif şəraitlərdə ekipajların real atış təlimləri keçirməsinə imkan verir.
JR3-ün ABŞ Ordusunda istifadə olunan “Reduced Range Practice” (RRP) təlim raketlərini əvəz etməsi planlaşdırılır. Raket aşağı qiymətli mühərrik və dəyişdirilə bilən faydalı yüklə təchiz olunaraq təlim xərclərinin azaldılmasına imkan verir.
JR3-ün növbəti sınağının 2026-cı ilin sonunadək keçirilməsi planlaşdırılır. Şirkət, həmçinin bu texnologiyanın gələcəkdə ABŞ Ordusunun aşağı qiymətli birbaşa atəş raketləri proqramlarında tətbiq oluna biləcəyini bildirir.





