
Lüksemburq “Thales Group” şirkətindən zirehli kəşfiyyat maşınları alır
Lüksemburq Müdafiə Müdirliyi Fransanın “Thales Group” şirkətindən 4×4 təkər formullu zirehli komanda, əlaqə və kəşfiyyat maşınları (CLRV) alır.
“Poliqon” “Thales Group”a istinadən xəbər verir ki, bununla bağlı tərəflər arasında 80 ədəd zirehli kəşfiyyat maşınının tədarük edilməsini, texniki xidmət və logistika dəstəyinin göstərilməsini nəzərdə tutan müqavilə imzalanıb.
Bildirilib ki, bu avtomobillər Lüksemburq Ordusunun komandirləri tərəfindən daha çevik, cəld və dəqiq şəkildə qərarların verilməsinə, həmçinin qəbul olunan komandaların effektiv və təhlükəsiz formada öz bölmələrinə ötürməsinə imkan yaradacaq.
Qeyd edək ki, Lüksemburq Ordusuna bu zirehli maşınlar NATO-nun Dəstək və Tədarük Agentliyi (NSPO) tərəfindən idarəolunan tədarük proqramı çərçivəsində çatdırılacaq. Proqramın məqsədi NATO-ya üzv ölkələrin ordularını müasir quru nəqliyyat vasitələri ilə təmin etməkdir.
CLRV zirehli kəşfiyyat maşınlarının hazırlanmasında “Thales Group”, “General Dynamics European Land Systems” (GDELS) və “FN Herstal” şirkətləri ilə əməkdaşlıq edir. Bu maşınların əsas podratçısı isə “Thales Group” şirkətidir.