Mədət Quliyev Belarusun Müdafiə naziri ilə görüşüb

Mədət Quliyev Belarusun Müdafiə naziri ilə görüşüb

Mayın 20-də Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyev Azərbaycanda rəsmi səfərdə olan Belarusun Müdafiə naziri general-leytenant Viktor Xreninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qonaqları salamlayan Mədət Quliyev qeyd edib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət başçılarının yaxın dostluq əlaqələri hər iki ölkənin və xalqın arasındakı qarşılıqlı hörmət və etimada söykənir. Azərbaycan Belarus ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa böyük əhəmiyyət verir.

Bildirilib ki, hərbi-texniki sahədə Azərbaycan-Belarus əlaqələrinin genişləndirilməsi üçün böyük potensial mövcuddur və bu münasibətlər gələcəkdə daha da uğurla inkişaf etdiriləcək.

Nazir diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycana qarşı ikili standartlar yürüdən, torpaqların zəbt olunması faktına illərlə göz yuman bir sıra dünya ölkələrinin və xarici təşkilatların gələcəkdə ölkəyə silah satmaqdan imtina edə biləcəyi ehtimalını gözə alaraq 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyinin yaradılması təşəbbüsünü irəli sürüb. Azərbaycan Ordusunun şanlı qələbəsi və ərazi bütövlüyünün bərpası ilə bitən 44 günlük vətən müharibəsində hərbi əməliyyatlar zamanı yerli hərbi sənayeninin istehsalı olan bir sıra silah və texnikalardan aktiv istifadə edilməsi bu qərarın düzgün və zamanında qəbul edildiyini, dövlət başçısının uzaqgörənliyini bir daha sübut edib.

Müdafiə naziri kimi ilk xarici səfərini dost ölkə Azərbaycana etdiyindən məmnunluğunu bildirən qonaq Azərbaycanla Belarus arasında ikitərəfli hərbi əlaqələrin bundan sonra da inkişaf edəcəyindən əminliyini bildirib. Viktor Xrenin bu əməkdaşlığın hər iki ölkənin dövlət başçılarının dostluq əlaqələrinə əsaslandığını qeyd edib və diqqətə çatdırıb ki, Belarus Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib.

Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

CATEGORIES
TAGS