Macarıstan L-39NG təlim-döyüş təyyarələri alır

Macarıstan L-39NG təlim-döyüş təyyarələri alır

Macarıstan Hərbi Hava Qüvvələri (HHQ) 12 ədəd L-39NG təlim-döyüş təyyarəsi alır.

“Poliqon” xəbər verir ki, “Aero Vodochody” şirkətinin mətbuat xidməti iki modifikasiyada təyyarələrin tədarükü üçün müqavilənin imzalandığını elan edib.

Tərəflər sövdələşmənin təfərrüatlarını açıqlamayıblar. Eyni zamanda, çatdırılmaların 2024-cü ildən etibarən başlayacağı bildirilib. Əvvəlcə 8 ədəd L-39NG təyyarəsi təlim variantında təhvil veriləcək və bu təyyarələrdə “Saab Gripen C” qırıcılarının gələcək pilotları geniş təlim keçəcəklər. Qalan 4 ədəd isə “əməliyyat-kəşfiyyat təyyarəsi” kimi istifadə olunacaq.

Qeyd edək ki, L-39NG (NG – next generation, yeni nəsil) Çexoslovakiyanın ilk uçuşunu 1968-ci ildə edib, SSRİ və sosialist düşərgəsindən olan digər ölkələrin HHQ-si üçün istehsal edilmiş L-39 “Albatros” təlim-döyüş (yüngül hücum) təyyarəsinin ən son versiyasıdır. Onun XX əsrin 90-cı illərində hazırlanmış yenilənmiş versiyası L-159 ALCA Çexiya, Macarıstan, İraq HHQ-də silahlanmadadır, həmçinin ABŞ-ın “Draken International” özəl hərbi şirkəti tərəfindən istifadə olunur.

L-39NG yeni EMAR 21 və EMACC dövlətlərarası hərbi standartlar üzrə sertifikat verilən ilk təyyarələrdən biridir. Bu da onun sertifikatının bütün Aİ və NATO hərbi strukturları tərəfindən tanınması deməkdir.

L-39NG təlim-döyüş təyyarəsinin sertifikatlaşdırılması 2020-ci ildə başa çatıb. Sertifikat təyyarənin uçuşa yararlı olduğunu və təhlükəsizlik tələblərinə cavab verdiyini təsdiq edir. Ümumilikdə sınaqlar çərçivəsində iki uçuş prototipi üzərində 300-ə yaxın sınaq uçuşu, eləcə də digər iki nümunədə geniş yerüstü sınaqlar həyata keçirilib.

Xatırladaq ki, son on il ərzində “Aero Vodochody” şirkəti yalnız əvvəllər istehsal edilmiş təyyarələrin bərpası və təkmilləşdirilməsi ilə məşğul olub. 2017-ci ildə, uzun fasilədən sonra, şirkət mövcud təcrübə əsasında inşa edilmiş yeni təyyarəni, eləcə də bir neçə L-39NG təlim-döyüş təyyarəsinin prototipini buraxıb. Daha sonra şirkət beynəlxalq bazar üçün hücum və təlim təyyarələrinin kütləvi istehsalına yenidən başlayıb.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS