Macarıstan “Skyranger 35” sisteminin alınmasını qiymətləndirir
Silahlı qüvvələrinin silahlanmasının təkmilləşdirilməsi proqramını davam etdirən Macarıstan, yeni “Oerlikon Skyranger 35” hava hücumundan müdafiə sisteminin əldə edilməsi imkanlarını qiymətləndirir.
“Poliqon” xarici mediya istinadən xəbər verir ki, Macarıstan Hökuməti bunu hələ rəsmən təsdiq etməsə də, məlumat Almaniyanın “Rheinmetall AG” müdafiə sənayesi şirkətinin icraçı direktoru Armin Papperger tərəfindən investorlar üçün verilən brifinqin stenoqramında açıqlanıb.
“Rheinmetall” şirkəti üçün Macarıstanın əhəmiyyəti bu ölkədən gələn çoxsaylı sifarişlərlə vurğulanır.
“Oerlikon Skyranger 35” kompleksi, yaxın və ultraqısa mənzilli hava hədəflərini məhv etmək üçün təyin edilmiş yeni qoşun hava hücumundan müdafiə sistemidir. Kompleks yerdəki hədəflərə qarşı da effektiv istifadə edilə bilər.
Skyranger müasir X-diapazonlu axtarış və müşahidə radarları, atışa nəzarət və hava və yerin 360° radiusda fasiləsiz izlənməsi üçün dəqiq məlumatlar verən elektro-optik sistemlərlə təchiz edilib. Hədəflərin məhv edilməsi üçün 35×228 mm-lik Oerlikon Mk3 artilleriya qurğusundan istifadə olunur.
Mobil platforma olaraq “Boxer” zirehli transportyorunun bazasından istifadə olunur. “Skyranger 35” təyyarələrə, raketlərə, minaatan minalarına, habelə kiçik kvadrokopterlər də daxil olmaqla pilotsuz uçuş aparatlarına qarşı istifadə edilə bilər.
Əhəd Əzizov