Malayziya Türkiyə və İtaliyadan aviasiya vasitələri alır

Malayziya Türkiyə və İtaliyadan aviasiya vasitələri alır

Malayziya Türkiyənin TUSAŞ şirkətindən pilotsuz uçuş aparatları (PUA) və İtaliyanın “Leonardo” şirkətindən dəniz patrul təyyarələri (MPA) alacaq.

“Poliqon” xəbər verir ki, bu barədə Malayziyanın müdafiə naziri Hişamuddin Hüseyn özünün “Twitter” səhifəsində paylaşım edib.

Paylaşımda bildirib ki, Malayziya Hökuməti TUSAŞ şirkətindən 3 ədəd “Anka” və İtaliyanın “Leonardo” şirkətindən 2 ədəd ATR 72MP dəniz patrul təyyarəsinin PUA alınması ilə bağlı qərar verib.

MALE sinfinə aid edilən “Anka” PUA TUSAŞ şirkəti tərəfindən milli və yerli imkanlarla hazırlanır. Bu günə qədər “Anka” PUA-lar 120 min saatdan çox uçuş həyata keçirib. Maksimum uçuş çəkisi 1700 kiloqram olan “Anka” avtomatik uçuş imkanına malikdir. Habelə, buz və ildırımdan qorunma sistemləri, kamera, SAR radarı, siqnal kəşfiyyatı kimi avadanlıqlarla təchiz edilib.

“Anka” PUA 350 kq-a qədər faydalı yük daşımaq qabiliyyətinə malikdir. Faydalı yüklə birlikdə maksimal 9140 metr yüksəklikdə uçuş müddəti 30 saata qədərdir. Maksimal bağlantı radiusu 250 km, kreyser sürəti saatda 200 km-dir. PUA-nın qanad açıqlığı 17,5 metr, uzunluğu 8,6 metr, hündürlüyü 3,25 metrdir.

Silahlanmasına “Roketsan” şirkətinin istehsalı olan 8 ədəd “Cirit” idarə olunan tank əleyhinə raket və ya 4 ədəd yarıaktiv lazer özütuşlama başlıqlı kiçik ölçülü MAM-L sursatı daxildir.

Maksimum əməliyyat tavanı 7620 metr olan ATR 72MP dəniz patrul təyyarəsi iki ədəd PW127M turbovintli mühərriklə təchiz edilib. Patrul təyyarəsinin maksimum qalxış ağırlığı 23000 kiloqram, havada qalma müddəti 10 saat və sürəti 465 km/saatdır.

C4ISR imkanlarına malik ATR 72MP təyyarəsi qaçaqmalçılıq, narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, axtarış və xilasetmə əməliyyatlarını yerinə yetirmək üçün nəzərdə tutulub. Həmçinin təyyarə personalın və avadanlığın daşınması, sualtı qayıqlara qarşı döyüş (ASW) və suüstü döyüş (AsuW) tapşırıqlarını da icra edə bilir.

ATR 72MP

Poliqon.az

CATEGORIES
TAGS