
Mariupolda 20 mindən çox dinc sakin həlak olub – RƏSMİ
Rusiya Silahlı Qüvvələri tərəfindən fevralın 24-də Ukraynaya qarşı başladılan genişmiqyaslı müharibə davam edir.
“Poliqon” rəsmi məlumatlara əsasən, Rusiya-Ukrayna müharibəsinin altımışıncı gününün xronikasını təqdim edir.
Aprelin 24-də Ukrayna silahlı qüvvələri Xerson vilayətinin 8 yaşayış məntəqəsinə nəzarəti bərpa ediblər.
Rusiya silahlı qüvvələrinin Nikolaevka şəhərini ələ keçirmək cəhdləri uğursuz olub. Kiselevka ərazisində Ukrayna hərbçiləri Rusiya işğalçılarının Posad-Pokrovskoye növbəti hücumu üçün hazırlanan cəmlənmiş canlı qüvvə və texnikasına zərbələr endiriblər. Rusiya ordusu xeyli itki verərək Çernobaevkaya doğru geri çəkilib. Rusiya qoşunlarının bu istiqamətlərdə ümumi itkiləri 74 canlı qüvvə və 13 texnika, o cümlədən 2 tank, yayılım atəşli reaktiv sistem (YARS), 6 zirehli və mühəndis texnikası, 4 PUA olub.
Fevralın 24-dən bu günədək Ukrayna Ordusu Rusiya Silahlı Qüvvələrinin 179 təyyarəsini, 154 helikopterini, 873 tankını, 2238 zirehli texnikasını, 1557 hərbi avtomobilini, 408 artilleriya qurğusunu, 191 PUA-sını, 69 hava hücumundan müdafiə sistemini, 147 YARS, 28 xüsusi nəqliyyat vasitəsini, 76 yanacaq sisternini və 8 gəmi/qayığını, 4 OTRK / TRK işəsalma qurğusunu məhv edib. İndiyədək Rusiya Ordusunun 21800 nəfər hərbiçisi öldürülüb.
Rusiyanın başlatdığı genişmiqyaslı müharibənin başlanğıcından indiyədək Mariupolda 20 mindən çox dinc sakin həlak olub. Bunu Mariupol meri Vadim Boyçenko “Ukrayna 24” kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda 100 mindən çox vətəndaş hələ də şəhərdə qalır. Onların təxliyəsi üçün Rusiya işğalçı qüvvələri maneələr yaradır.
Rusiya silahlı qüvvələri Zareçnoye yaşayış məntəqəsi üzərində nəzarəti bərpa ediblər və Orexovo – Nijneye istiqamətində irəliləyiblər.
Rusiya Hərbi-Kosmik Qüvvələrinin yüksək dəqiqlikli hava raketləri ilə Ukraynadakı 9 hərbi obyekt vurulub. Ukraynanın Severodonetsk, Kuraxovski və Popasnaya istiqamətlərində Rusiya qoşunlarının hücumları güclənib. Zareçnoye, Rubejnoye və Popasnayada döyüşlər gedir.
Rusiya Belqorodda Xarkov istiqamətində də əlavə qüvvələr toplayır. Məlumatlara əsasən, “İsgəndər-M” əməliyyat-taktiki raket komplekslərinin buraxılış qurğuları Ukraynanın dövlət sərhədindən 60 km aralıda yerləşdirilib. Bundan başqa, Rusiya qoşunları Xarkov şəhərinin qismən blokadasını davam etdirib.
Rusiya Hərbi-Kosmik Qüvvələrinin operativ-taktiki və ordu aviasiyası, Silahlı Qüvvələrin raket və artilleriya qoşunları Ukraynanın 26 hərbi obyektinə zərbələr endirib. Onların arasında alay komanda-müşahidə məntəqəsi, eləcə də Ukrayna ordusunun canlı qüvvə və hərbi texnikasının cəmləşdiyi 25 ərazi var. Zərbələr nəticəsində 150 hərbçi ölüb, 40-a yaxın zirehli texnika məhv edilib, 4 raket-artilleriya sursatı anbarı dağıdılıb.
Bundan başqa, Rusiya Ordusunun bölmələri Ukraynanın Poltava şəhərində mühüm infrastruktura 9 raket zərbəsi endirib.
Rusiya Müdafiə Nazirliyinin son məlumatına əsasən, Rusiya ordusu tərəfindən fevralın 24-dən bu günədək Ukraynanın ümumilikdə 141 təyyarəsi, 110 helikopteri, 264 ZRK-si, 282 YARS-ı, 551 PUA-sı, 2496 tankı və digər zirehli döyüş maşınları, 2343 xüsusi nəqliyyat vasitəsi, 1093 artilleriya qurğusu və minaatanı məhv edilib.
Müttəfiq ölkələr tərəfindən Ukraynaya hərbi yardım davam edir. Böyük Britaniya Ukraynaya 45 000 ədəd artilleriya mərmisi və 20 ədəd AS-90 özüyeriyən artilleriya qurğusu (ÖAQ) göndərməyi planlaşdırıb. Məlumata görə, Britaniyanın “Vickers” şirkətinin istehsalı olan AS-90 ÖAQ-ları gələn həftə Polşaya göndəriləcək və burada Ukrayna hərbçilərinə yeni texnikanın istifadəsi üzrə təlimlər keçiriləcək. Bundan sonra AS-90 ÖAQ-ların Ukraynaya göndərilməsi planlaşdırılır. 155 mm-lik AS-90 özüyeriyən artilleriya qurğusu Britaniya ordusu tərəfindən aktiv şəkildə istifadə edilir. ÖAQ-ın maksimum atış məsafəsi 24 km, atəş tempi isə 10 saniyədə 3 atışdır.
İtaliya hökuməti Ukraynaya daha güclü silahların verilməsi ilə bağlı 3-cü dekret imzalamağa hazırlaşır. İtaliya bu dəfə Ukraynaya PzH 2000 özüyeriyən artilleriya qurğuları və SİDAM-25 hava hücumundan müdafiə sistemləri göndərməyi planlaşdırıb.
Rizvan Fikrətoğlu