MARLİN insansız dəniz aparatı SMASH 200/12.7 silah sistemi ilə suüstü hədəfi vurub

MARLİN insansız dəniz aparatı SMASH 200/12.7 silah sistemi ilə suüstü hədəfi vurub

Türkiyədə MARLİN silahlı insansız dəniz aparatının (SİDA) ASELSAN şirkətinin SMASH 200/12.7 uzaqdan idarə olunan silah sistemi ilə atış sınağı həyata keçirilib.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, sınaq zamanı suüstü hədəf dəqiq şəkildə vurulub.

ASELSAN şirkəti və “Sefine” tərsanəsi tərəfindən birgə hazırlanan MARLİN SİDA, 15 metr uzunluğa malik alüminium gövdəyə malikdir və 36 knot sürətə çata bilir. O, həm bazalardan, həm də amfibiya gəmilərindən tapşırığa başlaya bilir.

Adını açıq dənizlərdə yüksək sürətlə hərəkət edə bilən balıq növündən alan MARLİN, daşıdığı faydalı yüklər və qabaqcıl texnologiyası ilə analoqlarından fərqlənir.

MARLİN silahlı insansız dəniz aparatı ASELSAN tərəfindən hazırlanan elektro-optik sistemlər, rabitə və naviqasiya sensorları, eləcə də avtonomiya və tapşırıq kompüterləri ilə təchiz olunub. Onun ən diqqətçəkici xüsusiyyəti isə platformaya inteqrasiya edilmiş ASELSAN istehsalı xüsusi elektron müharibə kompleksidir.

Bunun sayəsində MARLİN, dünyada elektron müharibə qabiliyyətinə sahib ilk insansız suüstü aparat kimi önə çıxıb. Həmçinin Türkiyəni NATO çərçivəsində təmsil edən ilk insansız dəniz aparatı statusuna malikdir.

CATEGORIES
TAGS