“Marlin” insansız katerinin “Quzğun-KY” sursatı ilə atış sınağı keçirilib
Türkiyədə “Marlin” silahlı insansız katerinin “Quzğun-KY” sursatı ilə atış sınağı baş tutub.
“Poliqon” xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi (SSB) başqanı İsmail Dəmir özünün “Twitter” hesabında paylaşım edib.
O bildirib ki, bununla da silahlı insansız katerdən ilk dəfə idarə olunan sursatın atışı həyata keçirilib.
“Marlin” silahlı insansız kateri Türkiyənin ASELSAN və “Sefine Tersanesi” tərəfindən birgə hazırlanıb. Hazırda sınaq və inkişaf işləri davam etdirilən “Marlin” kateri kəşfiyyat, suüstü və sualtı təhdidlərlə mübarizə fəaliyyətinin aparılması, habelə baza, liman və digər kritik obyektlərin mühafizə olunması üçün nəzərdə tutulub.
TÜBİTAK-SAGE mərkəzinin inkişaf etdirdiyi modul quruluşlu “Quzğun” sursat ailəsinin “Quzğun-SS” (sərbəst süzülən), “Quzğun-TjM” (turboreaktiv mühərrikli) və “Quzğun-KY” (qatı yanacaqlı) kimi fərqli üzvləri mövcuddur.
Hava, quru və dəniz platformalarından buraxıla bilən “Quzğun” sursatının çəkisi 100 kq-dan az, uzunluğu isə 1800 mm təşkil edir. Onun vasitəsilə həm “hava-yer”, həm “yer-yer”, həm də “suüstü- suüstü” tapşırıqları yerinə yetirmək mümkündür.