Mədət Quliyev IDEAS-2022 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

Mədət Quliyev IDEAS-2022 Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

Azərbaycanın müdafiə sənayesi naziri Mədət Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistanın Karaçi şəhərində keçirilən IDEAS-2022 11-ci Beynəlxalq Müdafiə Sərgisində iştirak edir.

Bu barədə “Poliqon”a Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Noyabrın 15-dən 18-dək davam edəcək tədbirə dünyanın 57-dən çox ölkəsindən 300-dən çox nümayəndə heyəti qatılıb.

IDEAS-2022 Beynəlxalq Müdafiə Sərgisinin açılış mərasimində iştirak edən M.Quliyev  stendləri ziyarət edib, o cümlədən qardaş Türkiyə Müdafiə Sənayesi Başqanlığının (SSB) stendi ilə tanış olub, nümayəndə heyəti ilə görüş keçirib.

Görüşdə mövcud əməkdaşlığın inkişaf perspektivləri və digər məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Daha sonra M.Quliyev Pakistanın Müdafiə İstehsalı üzrə federal naziri Məhəmməd İsrar Tarin ilə görüşüb.

Qarşılıqlı anlaşma şəraitində keçən görüş zamanı hər iki nazir Azərbaycan – Pakistan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri olaraq maraq doğuran məsələlər haqda danışıb, hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Qeyd edək ki, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyevin Pakistanın dövlət və hökumət nümayəndələri, sərgidə iştirak edən bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və aparıcı şirkətlərin təmsilçiləri ilə görüşləri də nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS