
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyədən alınan müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.
Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi ilə Türkiyənin ASFAT şirkəti arasında 20 ədəd MEMATT mexaniki minatəmizləmə maşınlarının tədarükünə dair müqavilə imzalanıb. Müqavilə çərçivəsində MEMATT maşınlarının ilk partiyası fevral ayının əvvəlində Azərbaycana çatdırılıb.
Yaradılması 14 ay ərzində milli imkanlar hesabına həyata keçirilmiş MEMATT-ın bütün sınaq və sertifikasiya prosesləri tamamlanıb. Xarici analoqları ilə müqayisədə daha keyfiyyətli və maliyyəti uyğun olan MEMATT-ın Türkiyə Silahlı Qüvvələrindən sonra ilk istifadəçisi Azərbaycan Ordusudur.
Müxtəlif tralların və mexanizmlərin inteqrasiya oluna bildiyi MEMATT modulyar dizayna sahibdir. Detalları rahat şəkildə, sahədəcə dəyişdirilə bilən maşın 500 metr məsafədən radioəlaqə vasitəsi ilə idarə olunur. 4 km/saat sürətlə hərəkət edə bilən maşın müxtəlif ərazi şərtlərində istifadə oluna, 60% maililiyə malik yüksəkliklərə qalxa, 40% yana maili hərəkət edə bilir. 1700 mm genişliyində, 250 mm dərinlikdə təmizləmə həyata keçirən MEMATT mexaniki minatəmizləmə maşını 8 kq TNT partlayışına dözümlüdür.






