Mərakeş Ukraynadan “Varta” MRAP almaq istəyir
Mərakeş Ordusu yaxın gələcəkdə Ukraynanın “Ukrainian Armor” şirkətinin istehsalı olan “Varta” minaya qarşı qorumalı (MRAP) nəqliyyat vasitələri almaq istəyir.
“Poliqon”un məlumatına görə, Mərakeş Ordusu tərəfindən alınması planlaşdırılan “Varta” MRAP maşınlarının dəqiq sayı və imzalanacaq müqavilənin dəyəri hələ ki, müəyyənləşdirilməyib.
2020-ci ilin dekabrında Mərakeş Ordusunun nümayəndə heyəti “Ukrainian Armor” şirkətinin zavodunu ziyarət edib. Bu ziyarət zamanı Ukrayna şirkəti “Varta” və “Novator” zirehli texnikasını, 60 mm, 82 mm və 120 mm-lik minaatan və minaları, eləcə də 23 mm-lik ZU-23 AD hava hücumundan müdafiə sistemlərini nümayiş etdirib. Mərakeş Ordusunun nümayəndə heyəti 4×4 təkər formuluna malik “Varta” MRAP-la yaxından maraqlanıblar.
“Varta” MRAP 8 nəfər heyəti daşıya bilir. Avtomobilin ümumi kütləsi 17500 kq, maksimum faydalı yükü isə 3000 kq-dır. Maşının uzunluğu 5,8 m, eni 2,4 m-dir. MRAP, üzərinə inteqrasiya olunan bir ədəd 7,62 mm PK pulemyotu və ya 12,7 mm NSV ağır pulemyotu ilə silahlana bilər. “Varta” MRAP daha çox şəxsi heyətin daşınması, yaralıların təxliyyəsi və mobil minaatan kompleksi kimi istifadə olunur.
“Ford F-550” şassisi üzərində yaradılan MRAP 380 at gücünə malik 6 silindrli turbo dizel mühərriki ilə təchiz edilib. “Varta”nın maksimal surəti 100 km/saat, gediş ehtiyatı 700 km-dir.
Qeyd edək ki, “Ukrainian Armor” şirkəti indiyədək Ukrayna Ordusuna 150 ədəd “Varta” MRAP tədarük edib.
Rizvan Fikrətoğlu