“Meteksan Savunma” şirkəti yeni məhsullarını sərgiləyir

“Meteksan Savunma” şirkəti yeni məhsullarını sərgiləyir

Türkiyə Daxili İşlər Nazirliyinin himayəsində, Milli Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Başqanlığının dəstəyi ilə bu il 3-cü dəfə Ankarada Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammiti keçirilir.

“Meteksan Savunma” şirkətindən “Poliqon”a verilən məlumata görə, şirkət sammitdə yeni məhsullarını sərgiləyir, həmçinin sərhəd təhlükəsizliyinə dair təklif etdiyi modern həllərlə çıxış edir.

3 -cü Beynəlxalq Hərbi Radar və Sərhəd Təhlükəsizliyi Sammitinin sponsorları arasında yer alan “Meteksan Savunma” şirkətinin stendində nümayiş etdirilən məhsullar aşağıdakılardır:

  • “Ulaq” silahlı insansız sürət kateri;
  • Sintetik diafraqma radarı (SAR) və hərəkətli hədəfi aşkarlama (MTI) radarı, o cümlədən MİLSAR radarı;
  • Mikro PUA-ları aşkarlaya və zərərsizləşdirə bilən KAPAN antidron sistemi;
  • Sərhəd təhlükəsizliyi sahəsində yeni konsepsiya sayılan “Retinar” PTR-X nəzarət radarı.

Şirkət mütəxəssislərinin sözlərinə görə, “Meteksan Savunma” şirkəti ilə “Best Group” arasında əməkdaşlıq çərçivəsində Türkiyədə ilk dəfə “Retinar” PTR-X nəzarət radarı insansız silahlı quru vasitəsinə inteqrasiya edilib.

İnteqrasiya nəticəsində insansız quru nəqliyyat vasitələri insan həyatını riskə atmadan təhlükəli nöqtələrdə sürətli kəşfiyyat və nəzarət əməliyyatları apara bilir.

“Meteksan Savunma” şirkətinin rəhbəri Selçuk Alparslan sammitdə KAPAN antidron sisteminin özəlliklərindən və şirkətin “Retinar” radarlarla sərhəd bölgələrində qazandıqları təcrübələrdən danışıb.

“Radar və sərhəd təhlükəsizliyi sahəsindəki ən böyük özəl şirkət olaraq illərdir həm Türkiyə Silahlı Qüvvələrinə, həm də dost və müttəfiq ölkələrə modern, qabaqcıl həllər təklif edirik. Sərhəd təhlükəsizliyi deyəndə təkcə quru sərhədləri deyil, həm də dəniz sərhədləri nəzərdə tutulur. Bunun üçün “Ulaq” insansız kateri ilə dəniz sərhədlərinin qorunması üçün işimizə ara vermədən davam edirik. Tezliklə “Ulaq” silahlanmaya veriləcək. “Ulaq” kəşfiyyat, müşahidə, mühafizə, suüstü və sualtı müharibə, asimmetrik döyüş, strateji mexanizm təhlükəsizliyi kimi vəzifələrin icrasında və dəniz sərhədlərinin qorunmasında mühüm rol oynayacaq”, – deyə “Meteksan Savunma” şirkətinin rəhbəri vurğulayıb.

Selçuk Alparslan onu da bildirib ki, hazırda ”Retinar” PTR-X nəzarət radarını SGA-ya inteqrasiya edə biləcək konsepsiya üzərində işləyirlər.

KAPAN

Mikro PUA-ları aşkarlaya və zərərsizləşdirə bilən KAPAN antidron sistemi

MILSAR

MİLSAR radarı

Retinar PTR Cevre Gozetleme Radari

“Retinar” PTR-X nəzarət radarı

ULAQ 1

“Ulaq” silahlı insansız sürət kateri

Rizvan Fikrətoğlu

Poliqon.az

CATEGORIES
TAGS