“Meteksan Savunma” yeni elektron döyüş sistemlərini IDEAS-2022-də sərgiləyəcək

“Meteksan Savunma” yeni elektron döyüş sistemlərini IDEAS-2022-də sərgiləyəcək

Türkiyənin “Meteksan Savunma” şirkəti 15-18 noyabr tarixləri arasında Pakistanın Karaçi şəhərində keçiriləcək IDEAS-2022 müdafiə sənayesi sərgisində iştirak edəcək.

“Meteksan Savunma”dan “Poliqon”a verilən məlumata görə, şirkət sərgidə həm dövlətlərin nümayəndə heyətlərinə, həm də ziyarətçilərə özünün qabaqcıl məhsul və həllərini təqdim edəcək.

“Meteksan Savunma”nın IDEAS-2022-də sərgiləyəcəyi məhsullar arasında: gəmilərin korpusunun alt hissəsinə quraşdırılaraq suda olan yaxud oradan gələn təhdidləri aşkarlamağa imkan verən YAKAMOS 2020 SONAR ( sound navigation and ranging) sistemi; pilotsuz uçuş aparatları üçün MILSAR SAR/MTI radarı: KAPAN antidron sistemi; “Ulaq” insansız silahlı kater ailəsi; “Nazar” lazer sistemi və bir sıra başqa məhsulları yer alır.

Şirkətin baş direktoru Səlcuq Kərəm Alparslan bildirib ki, “Meteksan Savunma” MERT və MERTER elektron hücum sistemlərini ölkə xaricində ilk dəfə IDEAS-2022 sərgisində nümayiş etdirəcək: “”Meteksan Savunma” olaraq elektron müharibə sistemləri sahəsində çox mühüm  işlər həyata keçiririk. Səylərimizin ilk bəhrəsi olan MERTER-in yaxın zamanlarda Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olmasını gözləyirik”.

“Xüsusilə dünyada baş verən son münaqişələr bir daha göstərdi ki, bütün ölkələr üçün elektron müharibə məsələsi nə qədər kritikdir. Bu səbəbdən inanıram ki, IDEAS sərgisində xüsusilə MERT və MERTER sistemləri nümayəndə heyətlərinin diqqətini çəkəcək”, – deyə şirkətin baş direktoru qeyd edib.

Poliqon.az

CATEGORIES
TAGS