MİLEX-2021: Mədət Quliyev Belarus müdafiə sənayesi komitəsinin sədri ilə görüşüb

MİLEX-2021: Mədət Quliyev Belarus müdafiə sənayesi komitəsinin sədri ilə görüşüb

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyətinin iştirak etdiyi Minsk şəhərində keçirilən “MİLEX-2021” 10-cu Beynəlxalq Silah və Hərbi Texnika sərgisi davam edir.

Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, sərgi çərçivəsində müdafiə sənayesi naziri Mədət Quliyev Belarus Respublikasının müdafiə sənayesi komitəsinin sədri Dmitri Pantus ilə görüşüb.

Görüş zamanı nazir son illərdə Azərbaycanda hərbi quruculuq istiqamətində aparılan irimiqyaslı islahatlar çərçivəsində Ordumuzun maddi-texniki bazasının xeyli inkişaf etdiyini, döyüş hazırlığı səviyyəsinin yüksəldiyini xüsusilə vurğulayıb. Mədət Quliyev Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük Zəfərdən və hazırda işğaldan azad edilmiş torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərindən söz açıb. Görüş Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsi ilə davam edib.

Dmitri Pantus bu cür müzakirələrin ikitərəfli hərbi əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını qeyd edərək, Azərbaycan və Belarus arasında hərbi-texniki sahədə əməkdaşlığın bundan sonra da davam edəcəyindən əminliyini ifadə edib.

İyunun 26-dək davam edəcək sərgi çərçivəsində hərbi-texniki sahədə birgə layihələrin gerçəkləşdirilməsi məqsədilə digər iştirakçı dövlət və hökumət nümayəndələri ilə də görüşlər nəzərdə tutulub.

Poliqon.az

CATEGORIES
TAGS