MİRAS Azərbaycanın müdafiə sənayesində yeni dövrün iştirakçısına çevrilib

MİRAS Azərbaycanın müdafiə sənayesində yeni dövrün iştirakçısına çevrilib

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda bütün sahələrdə müşahidə olunan genişmiqyaslı inkişaf tendensiyaları müdafiə sənayesi sektoruna da ciddi təkan verib.

“Poliqon”un məlumatına görə, dövlət başçısının imzaladığı sərəncamlar və qəbul etdiyi qərarlar nəticəsində lisenziyalaşdırma prosesi təkmilləşdirilib, sektorda özəl şirkətlərin fəaliyyət dairəsi genişlənib, dövlət-özəl əməkdaşlığı üçün isə yeni hüquqi baza formalaşıb.

Bu dəyişikliklərin mühüm parçası kimi “MİRAS Hərbi-Sənaye Şirkəti” də Azərbaycanın müdafiə sənayesində yeni dövrün iştirakçısına çevrilib.  IDEF-2025 sərgisində Azərbaycan milli pavilyonu dövlət və özəl sektorun birlikdə çıxış etdiyi vahid təqdimat platforması rolunu oynayıb. Pavilyonda Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC, Müdafiə Nazirliyi və onun tabeliyində olan MİRAS şirkəti, eləcə də ölkədə fəaliyyət göstərən bir sıra özəl şirkətlər birgə iştirak ediblər.

Bu fakt, ölkəmizdə müdafiə sənayesinə vahid yanaşmanın formalaşdığını və dövlət qurumları ilə özəl sektorun koordinasiyalı şəkildə bir məqsədə xidmət etdiyini göstərir. MİRAS-ın da fəaliyyət fəlsəfəsi bu əməkdaşlıq modelinə tam uyğun gəlir – şirkət öz potensialını həm dövlət strukturları ilə inteqrasiya olunmuş şəkildə, həm də sənaye ekosisteminin mühüm elementi kimi inkişaf etdirir.

IDEF-2025 sərgisi çərçivəsində Azərbaycan milli pavilyonu beynəlxalq nümayəndələrin xüsusi maraq mərkəzinə çevrildi. Pavilyonu bir çox xarici dövlətlərin nazirləri, beynəlxalq şirkətlərin rəhbər və nümayəndə heyətləri, eləcə də Türkiyənin yüksək vəzifəli şəxsləri ziyarət etdilər. Qonaqlar Azərbaycanın istehsal etdiyi məhsullar, tətbiq etdiyi müasir texnoloji yeniliklər və təqdim etdiyi xidmətlərin keyfiyyət göstəriciləri ilə yaxından maraqlandılar.

Bu maraq təsadüfi deyildi. O, həm ölkəmizin artan sənaye və texnoloji imkanlarına, həm də xüsusilə Azərbaycanın müdafiə sənayesinə olan beynəlxalq etimadın və diqqətin real göstəricisinə çevrildi. Sərgidəki atmosfer bir daha sübut etdi ki, Azərbaycan artıq qlobal müdafiə sənayesi xəritəsində etibarlı və yüksələn oyunçu statusunu möhkəmləndirir.

Azərbaycan bu gün qalib Ordusu və qalib ölkə statusu ilə tanınır. Hər kəs bu uğurun necə qazanıldığını, bu sistemin hansı prinsiplər üzərində qurulduğunu öyrənmək istəyir. Bu, ölkəmizin doğru yolda olduğunu və artıq konkret nəticələr əldə etdiyini təsdiqləyir.

Hazırda müdafiə sənayesi sektoru böyük inkişaf mərhələsindədir. Dövlət tərəfindən bu sahəyə ciddi investisiyalar yönəldilir, gənclər arasında isə elmi-texniki sahələrə maraq və həvəs sürətlə artır. Son illərdə azərbaycanlı məktəblilərin beynəlxalq müsabiqə və olimpiadalarda əldə etdiyi uğurlar, mühəndislik yönümlü tədrisə artan diqqət bu inkişafın sosial əsaslarını möhkəmləndirir.

Eyni zamanda, “Baykar” kimi dünya miqyasında tanınan şirkətlərin Azərbaycanda nümayəndəlik açması da təsadüfi deyil. Bu, təkcə ölkəmizin satınalma imkanları ilə deyil, həm də burada mövcud olan insan potensialı, savadlı və perspektivli gənc nəsil ilə bağlıdır. Xarici şirkətlər Azərbaycana artıq qısamüddətli bazar kimi deyil, uzunmüddətli strateji tərəfdaşlıq mühiti kimi baxırlar.

MİRAS-ın hədəfləri də bu istiqamətə uyğun şəkildə formalaşdırılıb. Şirkət Müdafiə Nazirliyi sistemində mövcud təmir və servis imkanlarını inkişaf etdirmək, yeni alınan texnikalar və tətbiq olunan müasir sistemlər üçün müvafiq texniki infrastruktur yaratmaq məqsədini qarşısına qoyub. Əsas prioritet mövcud bilik, bacarıq, insan resursları və milli dəyərlərin qorunması, ardınca isə bu potensialın genişləndirilməsidir.

MİRAS üçün strateji hədəf – müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalarla işləyə bilən servis, inteqrasiya, texniki qulluq və təmir imkanlarını formalaşdırmaqdır. Bu fəaliyyət istiqamətləri şirkətin inkişaf planlarının əsasını təşkil edir və MİRAS-ın dayanıqlı inkişaf konsepsiyasının təməlində dayanır.

Uzunmüddətli baxışda şirkətin məqsədi bu potensialı dəyərləndirərək yalnız ölkə daxilində deyil, həm də xarici bazarlarda fəaliyyətini genişləndirmək, daha geniş coğrafiyada Azərbaycan mühəndislik potensialını təmsil etməkdir. Bu, həm sektorun inkişafına, həm də yerli potensialın beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verəcək.

CATEGORIES
TAGS