
MİRAS “Dubai Airshow 2025”də Azərbaycanı stendlə təmsil edəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 17-21 noyabr tarixlərində keçiriləcək 19-cu “Dubai Airshow 2025” aviasiya sərgisi və şousuna hazırlaşır.
“Poliqon” xəbər verir ki, “Dubai Airshow 2025” aviasiya, kosmos və müdafiə sahələrində qlobal liderləri, yenilikçiləri və qərarvericiləri bir araya gətirəcək.
“Gələcək buradadır” mövzusu altında keçiriləcək sərgi dayanıqlılıq, süni intellektlə dəstəklənən innovasiyalar, qabaqcıl mobillik, kosmik tədqiqatlar və yeni nəsil həllərin inkişafı sahəsində nailiyyətləri önə çıxaracaq.
Builki sərgidə 47+ ölkədən 1500-dən artıq aparıcı aviasiya və müdafiə şirkəti, 120-dən çox startap və 50-dən çox investor iştirak edəcək. 200-dən artıq müasir təyyarənin nümayiş etdiriləcəyi “Dubai Airshow 2025”, təxminən 148000 ziyarətçiyə qapılarını açacaq. Eyni zamanda, sərgiyə 98 ölkədən 490-dan çox hərbi və mülki nümayəndə heyəti, 440 yeni sərgi iştirakçısı və 150 ölkədən ümumi nümayəndəlik qatılacaq.
Azərbaycan Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən “MİRAS Hərbi-Sənaye Şirkəti” MMC “Dubai Airshow 2025” sərgisində ilk dəfə Azərbaycanı stendlə təmsil edəcək. MİRAS müasir çağırışlara cavab verən, qabaqcıl texnologiyalar əsasında formalaşdırılmış servis, inteqrasiya, texniki qulluq və təmir xidməti imkanlarını təqdim edəcək. Sərgi çərçivəsində şirkətin beynəlxalq tərəfdaşlarla görüşləri, yeni əməkdaşlıq imkanlarının müzakirəsi və birgə layihələrin təqdimatı da nəzərdə tutulur.
Öz növbəmizdə, “Poliqon” jurnalı olaraq biz də “Dubai Airshow 2025” sərgisində iştirak edərək, tədbiri yerində işıqlandıracaq, ən son yenilikləri oxucularımıza çatdıracaq və Azərbaycan mediasını beynəlxalq arenada layiqincə təmsil edəcəyik.