
Türkiyənin MKE şirkəti Albaniya Silahlı Qüvvələrinə 105 mm-lik BORAN haubitsası tədarük edəcək.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bunun üçün Türkiyədə keçiriləcək NARO Zirvəsi ərəfəsində tərəflər arasında müqavilə imzalanıb.
Müqaviləyə əsasən, Albaniya Silahlı Qüvvələrinə 6 ədəd BORAN haubitsası və müxtəlif miqdarda sursat təhvil veriləcək.
Beləliklə, 2024-cü ildə Banqladeşə həyata keçirilmiş tədarük ilə Türkiyə Respublikası tarixində ilk haubitsa ixracı uğuruna imza atan BORAN, Avropadakı ixrac şəbəkəsini genişləndirərək Şimali Makedoniyadan sonra NATO üzvü və Avropa ölkəsi olan Albaniyaya da ixrac edilib.
Qeyd edək ki, 1775 kiloqram ağırlığı ilə dünyanın ən yüngül haubitsalarından biri olan BORAN bu xüsusiyyəti sayəsində S-70 və CH-47 “Chinook” helikopterləri ilə hava, ağır yük daşıma qabiliyyətinə malik nəqliyyat vasitələri ilə isə quru vasitəsilə istənilən nöqtəyə asanlıqla daşına bilir.
1 dəqiqədən az müddətdə atışa hazır vəziyyətə gətirilən BORAN təkərlər üzərində atəş aça bilmə xüsusiyyəti ilə də rəqiblərindən fərqlənir. GPS dəstəkli atəşi idarəetmə sistemi, panoramik durbin və sürətli yerləşdirilmə qabiliyyəti sayəsində BORAN analoqları ilə müqayisədə döyüş meydanında daha çevik, effektiv və sürətli həll təklif edir. Haubitsas normal atəş tempində dəqiqədə 6 atış həyata keçirə bilir.
Sistem təcili və kritik hallarda yüksək performans nümayiş etdirərək 33 saniyə ərzində 12 dəqiq atış həyata keçirmək qabiliyyəti ilə öz sinfində dünya atış sürəti rekordunu da əlində saxlayır.
Sahib olduğu üstün imkanlarla Asiya və Avropa başda olmaqla müxtəlif qitələrdəki bir çox ölkənin diqqətini çəkən BORAN haubitsası yüksək ixrac potensialı ilə seçilir.




