
MKE beynəlxalq əməkdaşlıqlarını gücləndirməyi hədəfləyir
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti məhsullarını 19-22 yanvar tarixlərində Qətərin paytaxtı Dohada keçiriləcək DIMDEX-2026 sərgisində nümayiş etdirəcək.
MKE-dən “Poliqon”a bildirilib ki, qlobal miqyasda müdafiə sənayesinin nüfuzlu sərgilərindən biri hesab edilən DIMDEX, yeni nəsil dəniz platformalarından tutmuş inteqrasiya olunmuş müdafiə sistemlərinə qədər qabaqcıl texnologiyaların nümayiş etdirildiyi strateji vitrin rolunu oynayır.
MKE, geniş məhsul portfeli ilə DIMDEX-2026-da yer alaraq müdafiə sənayesindəki mühəndislik gücünü və sistem inkişaf etdirmə imkanlarını beynəlxalq ictimaiyyətə təqdim edəcək. Sərgi çərçivəsində TOLGA yaxın hava hücumundan müdafiə sisteminin iştirakçılar tərəfindən böyük maraq görməsi gözlənilir.
Komanda-idarəetmə, radar, elektro-optik, elektron qarışdırma, silah sistemləri və xüsusi hazırlanmış antidron sursatları ilə TOLGA, “Soft-Kill” və “Hard-Kill” elementlərini eyni arxitekturada birləşdirən, aşkarlama-identifikasiya-kilidlənmə-məhv etmə dövrünü tam şəkildə əhatə edən inteqrə olunmuş bir həll kimi önə çıxır.
MKE, DIMDEX-2026 vasitəsilə beynəlxalq əməkdaşlıqları gücləndirməyi, yeni bazarlara çıxışı artırmağı və müdafiə sənayesindəki strateji mövqeyini daha da möhkəmləndirməyi hədəfləyir.
Həmçinin şirkət dünyanın ən nüfuzlu müdafiə və silah sərgilərindən biri olan SHOT SHOW-2026-da da iştirak edəcək. 2026-cı il 20-23 yanvar tarixlərində ABŞ-ın Las Veqas şəhərində keçiriləcək sərgidə MKE, məhsul portfelini və mühəndislik imkanlarını beynəlxalq iştirakçılarla bölüşəcək.




