
Türkiyənin MKE şirkəti tərəfindən son bir həftə ərzində müxtəlif sayda və çapda məhsulların tədarükü uğurla həyata keçirilib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, tədarük çərçivəsində Türkiyə Quru Qoşunları Komandanlığına 20 mm-lik sursatlar və MOD 90 beton dələn bombalar, Jandarma Baş Komandanlığına isə rəngli tüstü qumbaraları təhvil verilib.
Bundan başqa, müdafiə sənayesi üzrə tərəfdaşlara MKE-nin DENİZHAN-76 milli dəniz topu üçün ehtiyat hissələri, “Fırtına” və “Panter” özüyeriyən artilleriya qurğuları üçün avadanlıqlar, eləcə də qlobal bazar üçün barıt məhsulları çatdırılıb.
İxrac fəaliyyətləri çərçivəsində isə Filippinə 20 mm-lik sursatların tədarükü uğurla tamamlanıb.
Digər tərəfdən, MKE-nin hazırladığı DENİZHAN-76 milli dəniz topunun əsas silah sistemi kimi istifadə ediləcəyi CAM. ROMAN açıq dəniz patrul gəmisi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rumıniya Prezidenti Nikuşor Danın iştirakı ilə keçirilən mərasimdə Rumıniya Hərbi Dəniz Qüvvələrinə təhvil verilib.
MKE-nin baş direktoru İlhami Keleşin də iştirak etdiyi mərasimdə Türkiyə ilk dəfə olaraq milli dəniz topu DENİZHAN-76 ilə təchiz edilmiş bir döyüş gəmisini NATO və Avropa İttifaqına üzv ölkənin inventarına daxil edib.








