
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən hazırlanan TOLGA yaxın hava hücumundan müdafiə (HHM) sistemi Macarıstanın “HT Division” şirkətinin inkişaf etdirdiyi KATICA yerüstü robot platformasına inteqrasiya olunub.
MKE-dən “Poliqon”a verilən məlumata görə, yeni platforma Fransanın paytaxtı Paris şəhərində keçirilən “Eurosatory 2026” sərgisində ilk dəfə nümayiş etdirilib.
Bildirilib ki, inteqrasiya prosesi SAHA 2026 sərgisi çərçivəsində MKE ilə “HT Division” arasında imzalanmış Anlaşma Memorandumuna əsasən həyata keçirilib. Layihənin ilk mərhələsində TOLGA sisteminin tərkibinə daxil olan 20 mm-lik silah sistemi qısa müddətdə 6×6 təkər formuluna malik KATICA yerüstü robotuna uğurla inteqrasiya olunub.
Tərəflər arasında əməkdaşlıq yalnız 20 mm-lik silah sisteminin inteqrasiyası ilə məhdudlaşmayacaq. Növbəti mərhələlərdə TOLGA-nın tərkibində yer alan 12,7 mm-lik silah qülləsi, ENFAL-17 raketi, lazer silah sistemi, akustik aşkarlama sistemi və radioelektron mübarizə vasitələrinin də yerüstü robotlara inteqrasiyası nəzərdə tutulur.
Razılaşma həmçinin birgə mühəndislik fəaliyyətlərini, sistemlərin uyğunlaşdırılması işlərini və texniki heyətin hazırlanmasını da əhatə edir.
Xatırladaq ki, 2026-cı ilin əvvəlində Qətər, Səudiyyə Ərəbistanı və Misirlə TOLGA-nın birgə istehsalı və ixracı istiqamətində mühüm əməkdaşlıq sazişləri imzalayan MKE, Macarıstanla həyata keçirdiyi bu layihə sayəsində HHM sistemini Avropa bazarına da daşıyıb. Avropa ölkələrindən biri ilə başlanan bu inteqrasiya proqramı TOLGA sisteminin qlobal miqyasda qəbul edilən, müxtəlif platformalara uyğunlaşdırıla bilən və yüksək ixrac potensialına malik hava hücumundan müdafiə həlli olduğunu nümayiş etdirir.
TOLGA-nın çoxqatlı hava hücumundan müdafiə imkanlarını avtonom yerüstü platformaların yüksək hərəkət qabiliyyəti ilə birləşdirən bu əməkdaşlıq kritik obyektlərin mühafizəsindən sərhəd təhlükəsizliyinə, mobil bölmələrin qorunmasından insansız sistem əməliyyatlarına qədər geniş tapşırıq spektrində effektiv istifadə imkanları yaradır.







