DənizXəbərlər

MKE növbəti DENİZHAN-76 milli dəniz topunu təhvil verib – VİDEO

MİLGEM layihəsi çərçivəsində inşa edilən 11-ci gəmiyə inteqrasiya olunacaq 9-cu DENİZHAN-76 milli dəniz topu MKE şirkəti tərəfindən sifarişçiyə təhvil verilib.

MKE-dən “Poliqon”a verilən məlumata görə, milli dəniz topu qəbul sınaqlarını uğurla başa vurduqdan sonra müştəriyə çatıdırlıb.

Bu tədarüklə birlikdə MKE cari il ərzində dördüncü DENİZHAN-76 topunu təhvil vermiş olub. İlin sonuna qədər isə daha iki DENİZHAN-76 topunun təhvil verilməsi planlaşdırılır.

Qeyd edək ki, dəniz topları sahəsində Türkiyəyə qarşı tətbiq edilən gizli embarqolara cavab olaraq MKE şirkəti 2020-ci ildə fəaliyyətə başlayıb və dünyada yalnız bir neçə ölkənin istehsal edə bildiyi 76 mm-lik milli dəniz topunu qısa müddətdə hazırlayaraq istehsalına başlayıb.

Yaxın və orta mənzilli hədəflərə qarşı effektiv atəş gücü təmin edən DENİZHAN-76 hava hücumundan müdafiə, suüstü döyüş və quru bombardmanı tapşırıqlarını yerinə yetirə bilir. Yüksək atəş sürətinə malik sistem dəqiqədə 80 atəş aça bilir və təxminən 16 kilometrədək məsafədə effektiv atəş imkanına malikdir. DENİZHAN-76 aşağı radar görünüşünə malik konstruksiyası və çoxməqsədli istifadə imkanları ilə də diqqət çəkir.

Türkiyəli mühəndislər tərəfindən hazırlanan milli dəniz topu DENİZHAN-76 Türkiyə Hərbi Dəniz Qüvvələrinin atəş gücünə töhfə verməklə yanaşı, dost və müttəfiq ölkələrə də ixrac olunur. Sistemlə bağlı 2025-ci ildə İndoneziya ilə ixrac müqaviləsi imzalanıb, 2026-cı ildə isə həm NATO, həm də Avropa İttifaqının üzvü olan Rumıniyaya ilk DENİZHAN-76 ixracı həyata keçirilib.

DENİZHAN-76-nın hazırlanması və istehsalı prosesində əldə edilən təcrübəni 127 mm-lik milli dəniz topuna daşıyan MKE mühəndisləri yeni sistemin yerli və milli imkanlarla hazırlanması istiqamətində işləri intensiv şəkildə davam etdirirlər.

WhatsApp Image 2026 10 08 at 13.59.40

Back to top button