MKE şirkəti “Yavuz” özüyeriyən haubitsanın ixracına başlayıb

MKE şirkəti “Yavuz” özüyeriyən haubitsanın ixracına başlayıb

Türkiyənin MKE şirkəti tərəfindən milli imkanlar hesabına hazırlanan “Yavuz” özüyeriyən artilleriya qurğusunun (ÖAQ) sınaqları tamamlanıb.

Bu barədə “Poliqon”a MKE şirkətindən məlumat verilib.

Şirkət mütəxəssislərinin sözlərinə görə, bütün testləri uğurla nəticələnən “Yavuz” özüyeriyən haubitsasının hazırda ixracatı gündəmdədir.

MKE şirkəti daxili bazarla yanaşı, xarici bazarın ehtiyac və tələblərini nəzərə alaraq istehsal etdiyi “Yavuz” özüyeriyən haubitsanın satışı üçün adı açıqlanmayan xarici ölkə ilə danışıqları yekunlaşdırıb. Yaxın zamanlarda MKE “Yavuz” ilə ixrac uğuru qazanan məhsullarına bir yenisini əlavə etməyə hazırlaşır.

MKE şirkəti “Fırtına” haubitsasının sahədə effektivliyini artırmaq və bu sahədə yüksək ixrac potensialını dəyərləndirmək üçün apardığı araşdırmalar çərçivəsində “Yavuz” haubitsasını hazırlayıb.

Uzun illər yedəkdə daşınan və özüyeriyən haubitsalarda istifadə edilən silah sistemi 6×6 təkər formuluna malik nəqliyyat vasitəsi üzərinə inteqrasiya edilib. Türkiyə Silahlı Qüvvələri tərəfindən həyata keçirilən daxili və sərhədyanı əməliyyatlarda atəş dəstəyi təmin etmək üçün hazırlanan “Yavuz” da “Fırtına” haubitsasında olduğu kimi 155 millimetr 52 kalibrli silah sisteminə malikdir.

“Yavuz” haubitsa sistemi üçün istifadə edilən nəqliyyat vasitəsi tamamilə zirehli olaraq hazırlanıb. Sistemin atəşə hazırlaşması maksimum 1 dəqiqə, atışı tamamlayıb mövqeyi dəyişməsi isə maksimum 2 dəqiqə çəkir. 40 kilometr atış uzaqlığına sahib “Yavuz” haubitsası 1 dəqiqədə 4-6 atəş aça bilir.

Analoqlarından üstünlüyü “Yavuz” haubitsasının daha az texniki xidmət və asan nəql edilməsi üstünlüklərinə malik olmasıdır.

Poliqon.az

CATEGORIES
TAGS