
“Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti İstanbul Sənaye Palatası tərəfindən açıqlanan “Türkiyənin 500 Ən Böyük Sənaye Müəssisəsi 2025” (ISO 500) araşdırmasında 57-ci yerdə qərarlaşıb.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bu, Türkiyənin ən köklü müdafiə sənayesi şirkətlərindən biri olan “Makine ve Kimya Endüstrisi”nin istehsal gücü, investisiya təşəbbüsləri və ixracyönümlü böyümə strategiyasının nəticələridir.
ISO 500 siyahısına 2023-cü ildə 181-ci yerdən daxil olan MKE, 2024-cü ildə 72 pillə irəliləyərək 109-cu, 2025-ci ildə isə daha 52 pillə yüksələrək 57-ci yerdə qərarlaşıb.
2023-cü ildən etibarən həyata keçirilən investisiyalar, istehsal gücünün artırılması, güclü tədqiqat-inkişaf infrastrukturu və yeni texnologiyaların hazırlanması MKE-nin əldə etdiyi bu uğurun əsasını təşkil edib.
Son illərdə yalnız milli səviyyədə deyil, beynəlxalq miqyasda qazanılan nailiyyətlər də şirkət tərəfindən ortaya qoyulan vizyonun mühüm göstəricilərindən biri hesab olunur. Belə ki, MKE dünyanın ən nüfuzlu müdafiə və aviasiya sənayesi şirkətlərinin yer aldığı “Defense News Top 100” siyahısına ilk dəfə 2024-cü ildə 84-cü yerdən daxil olub, 2025-ci ildə isə 80-ci yerə yüksəlib.
ISO 500 və “Defense News Top 100” siyahılarında əldə olunan bu uğurlar MKE-nin milli müdafiə sənayesindəki dönüşümünü qlobal miqyasda uğura çevirdiyini göstərir.





