MN: Ermənistan tərəfi dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır
İyunun 2-si axşam saatlarından iyunun 3-ü gecə saatlarınadək Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik və Yellicə yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini qumbaraatan və iri çaplı silahlardan da istifadə etməklə növbəti dəfə atəşə tutub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal cavab tədbirləri görülüb, şəxsi heyət və texnika baxımından itki yoxdur.
Müdafiə Nazirliyindən bildirilib ki, hazırda bütün istiqamətlərdə vəziyyət Azərbaycan Ordusunun bölmələrinin tam nəzarəti altındadır.
“Ermənistan tərəfi öz ictimaiyyətinin diqqətini daxildə baş verən proseslərdən yayındırmaq məqsədilə iriçaplı silahlardan istifadə edərək dövlət sərhədində vəziyyəti gərginləşdirməyə çalışır.
Qarşı tərəfin törətdiyi təxribatların nəticələrinə görə bütün məsuliyyət bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, – deyə Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.