Moldova Ordusu PIRANHA-3H zirehli döyüş maşınları ilə silahlanır

Moldova Ordusu PIRANHA-3H zirehli döyüş maşınları ilə silahlanır

Moldova Silahlı Qüvvələri “General Dynamics European Land Systems” (GDELS) şirkəti tərəfindən istehsal edilən PIRANHA-3H zirehli nəqliyyat vasitələrinin ilk partiyasını təhvil alıb.

“Poliqon” xəbər verir ki, bu barədə Almaniya Hökumətinin rəsmi saytı məlumat yayıb.

Məlumatda bildirilib ki, Almaniya Hökumətinin “Enable and Enhance Initiative” proqramı çərçivəsində maliyyələşdirilən bu layihə əsasında ümumilikdə Moldova Silahlı Qüvvələrinə 19 ədəd PIRANHA-3H zirehli döyüş maşının tədarük edilməsi nəzərdə tutulub.

Bu günə qədər ilk 3 ədədi təhvil verilən PIRANHA-3H-ın qalan 16 ədədlik hissəsi cari ilin sonuna kimi Moldova Quru Qoşunlarının istifadəsinə təqdim olunacaq.

Qeyd edək ki, PIRANHA zirehli nəqliyyat vasitələri İsveçrənin MOWAG şirkəti tərəfindən dizayn və istehsal olunub. MOWAG 2004-cü ildə ABŞ-ın Avropada fəaliyyət göstərən GDELS şirkətinin tərkibinə daxil olub. Bununla da PIRANHA-lar artıq GDELS şirkəti tərəfindən təkmilləşdirilməyə və istehsal edilməyə başlanıb.

Modulyar quruluşa malik olan PIRANHA-lar istifadəçiyə müxtəlif partlayıcılara və tank əleyhinə minalara, habelə tank əleyhinə idarəolunan raketlərə (TƏİR) qarşı üstün qoruma təmin edir. Zirehli nəqliyyat vasitəsi 8×8 təkər formuluna malikdir və rəqiblərindən həm yüksək yük götürmə qabiliyyəti, həm də daxili həcminin genişliyi ilə seçilir.

Zirehli platforma müştərinin istəyindən asılı olaraq dəniz, göl və böyük çayları üzərək keçməsi üçün amfibiya xüsusiyyəti ilə təmin edilə bilər.

Poliqon.az

CATEGORIES
TAGS