Monteneqro ABŞ-dan “Bell” çoxməqsədli helikopterlər alır
Monteneqro ABŞ-ın “Bell Helicopter” şirkətinin istehsalı olan 3 ədəd Bell 412EPI/EP çoxməqsədli helikopterləri alacaq.
“AzeriDefence” “Vijesti” qəzetinə istinadən xəbər verir ki, bu haqda Monteneqro Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Monteneqro və ABŞ arasında Bell 412EPI/EP helikopterlərinin alğı-satqısına dair müqavilə imzalanıb. Sazişin dəyəri 29.9 milyon avro təşkil edir. Müqaviləyə əsasən, helikopterlərin tədarükü 2018-ci ilin əvvəlində həyata keçiriləcək.
Hazırda Monteneqro Hərbi Hava Qüvvələrlərində 2006-ci ildə Fransadan alınan 5 ədəd SA341 yüngül çoxməqsədli helikopterlər fəaliyyət göstərir. Ümumiyyətlə 2025-ci ilə qədər Monteneqro Hərbi Hava Qüvvələri yeni texnika və avandanlıqların alınması ilə bağlı 110 milyon avro xərcləməyi planlaşdırır.
Üç helikopterin alınması ilə yanaşı, zirehli avtomobillər və hava məkanına nəzarət etmək üçün radiolokasiya sistemlərinin alınması nəzərdə tutulur.