MSN cari ilin sonuna kimi 150 milyon dollarlıq məhsul ixrac etməyi planlaşdırır
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi cari ilin sonuna kimi 150 milyon ABŞ dolları dəyərində məhsul ixrac etməyi planlaşdırır.
Bunu “Poliqon”a açıqlamasında müdafiə sənayesi nazirinin müşaviri Rövşən Əhmədov deyib.
Nazir müşaviri son dönəmdə müdafiə sənayesində aparılan ciddi islahatlar haqqında danışıb: “Sözsüz ki, islahatlar daim davam edir. Hal-hazırda Müdafiə Sənayesi Nazirliyi müəssisələrinin optimallaşdırılması ilə, korporativ idarəetmələr ilə bağlı islahatlar aparırıq. Yəni müəssisələrin birləşdirilməsi, saylarının azaldılaraq istehsalın genişləndirilməsi, effektiv idarəetmənin təmin olunmasıdır. Özəl sektorlarda olan və dünyada tətbiq edilən kooperativ idarə metodlarını biz ilk dəfə burada müdafiə sənayesində tətbiq edəcəyik”.
Noyabr-dekabr aylarında bu tədbirlərin həyata keçiriləcəyini söyləyən R.Əhmədov bildirib ki, artıq 2024-cü ildə “Azərsilah” holdinqi Müdafiə Sənayesi Nazirliyinin tərkibində öz fəaliyyətinə başlayacaq.
Müdafiə sənayesi nazirinin müşaviri bu sahədəki özəl sektora lisenziyanın verilməsi məsələsinə toxunub: “Bizim gözləntilərimiz var ki, Azərbaycanda bir neçə qanunvericilik bazası dəyişdirilməlidir. Bu istiqamətdə işlər aparılır və bununla özəl sektorun bizim sənayeyə inteqrasiyası baş tutmalıdır. Həmin inteqrasiya ilə də Müdafiə Sənayesi Nazirliyi məşğul olacaq. Ən böyük arzularımızdan biri özəl sektora lisenziya hüququnun bizə verilməsidir. Yəni biz müəssisəni tədqiq etdikdən, texniki tələbləri yerinə yetirmək imkanlarını qiymətləndirdikdən, verdiyimiz şərtlər qəbul edildikdən sonra həmin şirkətə məhsul istehsal etmək üçün lisenziya verəcəyik”.
R.Əhmədov, Azərbaycan Prezidenti İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyi qarşısında qoyduğu tələblərdən bəhs edib: “Bizim qarşımızda cənab Prezident iki böyük məqsəd qoyub. Birincisi həm silah, həm də sursat sahəsində mövcud istehsalımızı iki dəfə artırmaqdır. İkincisi də ixracın həcmini ciddi şəkildə artırmaqdır. Builki ixrac planımız il sonuna kimi 150 milyon dollar dəyərində məhsulun ixracıdır. Bu ilin 10 ay ərzində 124 milyon dollar dəyərində ixrac əldə etmişik. Bu rəqəmi tam şəkildə həyata keçirməyə az qalıb. Sadəcə, hazırda əsas gücümüzü dövlət müdafiə sifarişinə yönəltmişik və onlar tamamlandıqca ixrac əməliyyatlarını başa çatdıracağıq. Həmin rəqəmə çatdıqda istehsalımızın 50 faizi ixrac edilmiş olacaq. Bizim gözlənilən illik həcmimiz 500 milyon manata yaxındır. Bu rəqəmlərə çatdıqda yaxşı nailiyyətlər əldə etmiş olacağıq.
2024-cü ildə həm sursat, həm də silah istehsalını iki dəfə artırmaq üçün lazım olan tədbirləri artıq planlaşdırmışıq. Bunlar istehsal sahələrinin artırılması, yeni xətlərin alınması, yeni dəzgahların qurulmasıdır. Onların hamısı imkan verəcək ki, biz istehsal gücümüzü artıraq. Əsasən sursat sahəsində bizim ixracımız böyük rəqəmlidir və bu sahədə yeni nailiyyətlərə çatmaq üçün çox ciddi planlarımız var”.
2050-ci il üçün planlaşdırılan Strateji Yol Xəritəsi ilə bağlı fikirlərini bölüşən R.Əhmədov Müdafiə Sənayesi Nazirliyinin öncəliklə daha yaxın məsafəli proqramlarının olduğunu bildirib.
“Müdafiə Sənayesi Nazirliyi ümumi strategiyanın müəyyən istiqamətlərini bu gün həll etməyə tələsmir. İndi yeni xarici siyasətdə biz türkdilli dövlətlərlə inteqrasiya əsasında bir yerdə çalışmalıyıq. Bunun üçün bizə müəyyən zaman lazımdır ki, türkdilli dövlətlərimizin müdafiə nazirlikləri bizim Müdafiə Nazirliyi ilə bir araya gəlsinlər, ümumi ehtiyac olan istiqamətləri ayırd etsinlər. Bundan sonra planlarımız var ki, türkdilli dövlətlərin müdafiə sənayesi komplekslərinin fəaliyyətini real və konkret olaraq müəyyən istiqamətlərə yönəldək və ayırd edək ki, hansı istiqamətlərdə biz inkişaf etməliyik, hansı istiqamətdə onlar çalışmalıdır. Biz çalışmalıyıq ki, az xərclərlə böyük nailiyyətlər əldə edək. Bunun üçün də çalışmalıyıq ki, bizim sahələrdə təkrarlanan istehsalatlar olmasın. Bu məsələlərə zaman lazımdır. Həmin işlər formalaşdıqdan sonra biz bunları nəzərə almaqla artıq 2050-ci il üçün olan strategiyanı planlaşdıracağıq”, – deyə müdafiə sənayesi nazirinin müşaviri R.Əhmədov vurğulayıb.