
Sentyabrın 6-da Qubada Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzi (MSTİM) tərəfindən Yay Məktəbinin açılış mərasimi keçirilib.
Müdafiə Sənayesi Nazirliyinin (MSN) Mətbuat Xidmətindən “Poliqon”a verilən məlumata görə, əvvəlcə tədbir iştirakçıları müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Akt zalında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış nitqi ilə çıxış edən müdafiə sənayesi naziri Vüqar Mustafayev müasir dövrdə gənclərin yalnız yüksək akademik nəticələr deyil, əldə etdikləri bilikləri real problemlərin həllinə tətbiq etmək, araşdırma aparmaq və yeni həllər formalaşdırmaq bacarıqlarına malik olmasının vacibliyini vurğulayıb. O, Yay Məktəbinin tələbələrin bilik və bacarıqlarının, innovativ düşüncə və praktiki fəaliyyətlərinin inkişafına, eləcə də Azərbaycanın qabaqcıl texnologiyalarını və yeni həllərini yaradacaq mühəndis və tədqiqatçı nəslinin formalaşmasına xidmət etdiyini qeyd edib.
Daha sonra müdafiə sənayesi nazirinin müavini Hidayət Əzimov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev və MSTİM-in direktoru Orxan Yusibov çıxış ediblər. Çıxışlarda universitet-sənaye əməkdaşlığının genişləndirilməsinin, elm və istehsal arasında əlaqələrin gücləndirilməsinin, eləcə də gənclərin bu prosesə fəal cəlb olunmasının müdafiə sənayesinin dayanıqlı inkişafı və yeni texnoloji imkanların formalaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.
Sonra nazir V.Mustafayev tələbələrin suallarını cavablandırıb, onların təklif və fikirlərini dinləyib, gənclərlə səmimi fikir mübadiləsi aparıb.
Tədbir bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, MSTİM tərəfindən təşkil olunan Yay Məktəbi sentyabrın 8-dək davam edəcək.















