MSN “TEKNOFEST Azərbaycan” festivalında iştirak edir
“Türkiyə Texnologiya Komandası” – T3 Fondu, Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyinin təşkilatçılığı ilə Bakı Kristal Zalı və Dənizkənarı Bulvar ərazisində “TEKNOFEST Azərbaycan-2022” Aerokosmik və Texnologiya Festivalı keçirilir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən “Poliqon”a verilən məlumatına görə, festivalda MSN-in rəsmiləri də iştirak edir.
“Türkiyə Texnologiya Komandası” – T3 Fondu və Türkiyənin Sənaye və Texnologiya Nazirliyi tərəfindən 2018-ci ildən etibarən hər il təşkil olunan və Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı TEKNOFEST-də Azərbaycan ilk dəfə 2021-ci ildən etibarən təmsil olunmağa başlayıb. TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalının Türkiyədən kənarda ilk dəfə Azərbaycanda keçirilməsi iki ölkə arasındakı dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin təzahürüdür.
Festival dörd əsas hissədən: texnologiya müsabiqələri, “Take Off” Azərbaycan Startap Sammiti, açıq və qapalı məkanlarda sərgilər, hava şouları və əyləncə attraksiyonlarından ibarətdir.
Müdafiə sənayesi naziri Mədət Quliyev və Nazirliyin əməkdaşlarının iştirak etdikləri “TEKNOFEST Azərbaycan 2022” festivalında MSN-in stendində “Orbiter-2B”, “Orbiter-3B”,“Orbiter-4”, “Orbiter-1KM”(İtiqovan) pilotsuz uçuş aparatları, “Gilavar” atış trenajoru, “Gürzə” Toyota HİLUX 4×4 avtomobili, “Gürzə” üzərində quraşdırılması nəzərdə tutulan asqılı operativ taktiki mobil dron müşahidə sistemi “Bayquş” və VTOL tipli kəşfiyyat məqsədli PUA “Turaz”, uzunmənzilli, dəyişən təkan vektorlu tilt rotor sistem üzərində qurulmuş, şaquli qalxma və enmə imkanına malik və çox məqsədli pilotsuz uçuş aparatı (PUA), taktiki döyüş uçuş simulyatoru “Dəmir Yumruq” və “QFAB-250LG” qəlpəli fuqaslı aviasiya bombası nümayiş olunur.
Qeyd edək ki, MSN 21-26 sentyabr 2021-ci il tarixlərində Türkiyənin Atatürk Beynəlxalq Hava Limanında keçirilmiş “TEKNOFEST-2021” Festivalında da iştirak edərək Nazirliyin istehsalı olan bir çox PUA-larını nümayiş etdirib.
“TEKNOFEST Azərbaycan” sərgisi mayın 29-u tarixinədək davam edəcək.