
Müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbulu davam etdirilir
Yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.
“Poliqon” xəbər verir ki, bunu 2024-cü ilin yekunlarına dair keçirilən Müdafiə Nazirliyinin Kollegiya iclasında müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, ölkəmizin ərazi bütövlüyünün silahlı müdafiəsi və hərbi təhlükəsizliyinin təmin edilməsi, qoşunların döyüş imkan və qabiliyyətlərinin artırılması, yeni texnologiyalarla hazırlanan müasir silah sistemlərinin Azərbaycan Ordusunun arsenalına qəbul olunması üzrə tədbirlər uğurla davam etdirilir.
Daha sonra Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti və Azərbaycan Ordusunda 2024-cü il ərzində xidməti-döyüş fəaliyyətləri təhlil edilib.
Bildirilib ki, əvvəlki illərdə olduğu kimi 2024-cü ildə də Ali Baş Komandanın rəhbərliyi altında ordu quruculuğu sahəsində islahatlar inamla davam etdirilib.
Kollegiya iclasında çıxış edənlər cari il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçularının 20 ikitərəfli və çoxtərəfli təlimdə iştirak etdiyini, müxtəlif növ hərbi təlim və intensiv döyüş hazırlığı məşğələlərinin keçirilməsi sayəsində qoşunların döyüş qabiliyyətinin, eləcə də şəxsi heyətin peşəkarlığının daha da yüksəldiyini qeyd ediblər.